Hikmət Nikbin
“Bal tutan barmağını yalayar” zərb məsəli bu gün Azərbaycan cəmiyyətinin siyasi həyatında, siyasi düşüncəsində xüsusi bir rəng, xüsusi bir çalar alıb. Adətən Ölkə ictimaiyyəti bu məsəli rüşvət və korrupsiyaya “könül” vermiş hakimiyyət haqqında deyir. Bu kimi yanaşma, əslində, məmurlara haqq qazandırmaq, onlara “xeyir-dua” vermək kimi bir şeydir.
Müstəqil siyasi qərarlar verə bilməyən, siyasi baxımdan düşüncə liliputluğundan əziyyət çəkən iqtidara bu zərb məsəl ilə “bəraət” vermək Azərbaycan Respublikasının sabahına laqeyd qalmaq deməkdir.
Məmurlardan fərqli olaraq, tutduğu bal da arıçının, barmaq da arıçının ! Arıçı nədən baldan dadmasın ? Vəzifə, stul isə arıçıdan fərqli olaraq kiminsə şəxsi malı, əmlakı deyil. Kiminsə dədəsindən, babasından da qalmayıb. Məmur oğurluğuna kim haqq verə bilər? Təbii, heç kim. Arıçı ilə məmuru eyniləşdirən, məmur oğurluğuna göz yuman cəmiyyətin nəsibi yazıqlıqdı. Axı idarəçilik bir ovuc şəxslər tərəfindən niyə məhimsənilməlidir? Axı idarəçilikdə hər bir vətəndaş iştirak etməlidir. Və ya Ölkə Qanunları sadə vətəndaşlarla müqayisədə məmurlara üstünlüklər vermir. Azərbaycan dövlətində hamının vətəndaş kimi bərabərlik üstünlüyü var. Nə üçün bu üstünlüyü bərpa etməyək ?
Bu gün iqtidarı “tərif” edənlər, çox illərdi, başlanılacaq islahatlardan danışırlar.
Çox illərdi, 2 məmur çıxarılan kimi sevincək vəcdən az qala ürək keçməsinə düşən tərifçilər meydana çıxırlar. “Bu, cəmiyyətə siqnaldı, gözünüz aydın, islahatlar başlayır.” Kimisə vəzifədən çıxarmaq islahat deyil. Siyasi sistem təkmilləşməli, Dövlət maşını məzmunca özünün yeni formasını almalıdır.
Düşüncəsi ayağını arabaya qədər aparmağa çatan bu idarəçilik islahat keçirə bilməz. Bunun üçün siyasi təfəkkür lazımdır.
İslahat “əmini” gözləməyin, O, gəlməyəcək !
Siyasi tostlarla, alqışlarla, onun “himnini! yazmaqla, “himnin” qulaq batıran sədaları altında oynamaqla islahat nə yerin dibindən çıxmayacaq, nə də göydən düşməyəcək.
Siyasi gedişat onu göstərir ki, yenə də siyasi baxımdan 2-3 nəfərin “əcəli” çatacaq. Yenə də təriflər, yenə də uğurlu illər, yenə də dünya şöhrətli simalar və s.
Həqiqətdə isə, Ölkə özü boyda alış-verış meydanına çevrilib. Meydanda hər vəzifənin, seçkili orqanların, eləcə də hər bir qanun maddəsinin qiyməti var.
Axı vəzifə və Qanunlar bu hakimiyyətin şəxsi bostanı deyil ki, qiymət qoya! Mənim aləmimdə, Konstitusiya və qanunların pozulması, sərhədlərimizin toxunulmazlığının pozulmasıdır.
Mənim aləmimdə Konstitusiya və qanunlar elə Azərbaycanın özü deməkdir. Azərbaycan satılmaz!
Bu gün cəmiyyətdə insan dəyərindən, bərabər hüquqlu insan münasibətlərindən söhbət belə gedə bilməz. Ölkədə insani keyfiyyətləri özündə basdıran, dəfn edən bir yanaşma mövcudluğunu görməmək mümkün deyil.
Gecən xeyirlə gəlsin, sabahın xeyirlə açılsın, Azərbaycan!
Oxunub: 134