Bir sıra saytların bloklanması ilə bağlı apellyasiya şikayətinə noyabrın 7-də baxılması baş tutmayıb. Hakim Abiddin Hüseynov xidməti ezamiyyətdə olduğuna görə Bakı Apellyasiya Məhkləməsində dinləmələr 5 dekabr saat 15:40-a keçirilib.
Xatırladaq ki, martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə müxalifətyönümlü İnternet-resursa girişi bloklayıb: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), “azerbaycansaati.com”, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanalları.
Nazirlik məhkəməyə müraciət edərək həmin saytları “cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda”, əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.
Saytların nümayəndələri ittihamları qəbul etməyiblər. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə, məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.
Bununla belə, mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib.
Oxunub: 186