Səadət Cahangir
Amerika necə Amerika olub, bilirsiniz? Bax, belə. “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts CNN telekanalına müsahibəsində deyib ki, “hökumət mənim kimi zəngin insanlardan yüksək vergi tutmalıdır”. O özünün ölkədəki bütün zənginlərdən daha artıq, 10 milyard. dollar vergi ödədiyini deyib. B.Qeyts prezidenti Donald Trampın son vergi islahatlarını tənqid edərək qeyd edib ki, yeni qanun zənginlərin və korporasiyaların daha az vergi ödəməsinə gətirib çıxaracaq. Amerikada bundan əvvəl də 400 zəngin insan öz vergi yüklərinin artırılması üçün Konqresə məktub göndərmişdi. Onların sırasında Corc Soros, Rokfeller, Uorren Baffet kimi məşhurlar da vardı.
Bizdə isə hökumət ölkənin yetim-yesirində qalan qəpik-quruşu əldən çıxarmaq üçün min cür oyun düşünür. Məsələn, bu yaxınlarda Vergilər Nazirliyi tərəfindən bəyan olundu ki, bundan sonra şairlər, yazıçılar belə qazandıqları gəlirdən vergi ödəməlidirlər. Axı bu ölkənin bədbəxt yazarı nə qazanır ki, hələ bir ondan vergi də ödəsin? Hələ məsələnin başqa bir qaranlıq tərəfi də var. Normal ölkələrdə insanların xoşluqla vergi ödəmələri tam anlaşılandır. Çünki o insanlar ödədikləri verginin hara gedəcəyinə tam əmindirlər. Bir alman ödədiyi verginin yaşlı və ya əlil insanların təqaüdünə xərclənəcəyinə əmin olduğu üçün onu könül rahatlığı və məmnunluqla ödəyir. Amma bizdə məsələ xeyli qəlizdir.. İmkanlı adamlarla bağlı məsələnin bir problemli tərəfi var. Halal zəhməti ilə az-çox sərvət toplamış adamların 99%-i sıradan çıxarılıb. Yerdə qalan 1%-ni də vergi və rüşvət göz açmağa imkan vermir. Başqa yollarla milyarder olmuş adamlar isə sərvətinin mənbəyini qədərini, yerini açıqlayacaq üzdə deyil. Elə buna görə də, bizdə hansısa zənginin çıxıb “bizdən daha çox vergi alın, kasıblara dəyməyin” çağırışı gözləməyin. Çünki ortada açıq, halal, təmiz dəftər-kitab yoxdur. “Həqiqətən, indi bir çox ölkələrdə belə başa düşülür- zəngin ona görə zəngindir ki, onlar bunu başqalarından əldə etmişlər və onların təşkil edilmiş güclə-dövlətlə bağlılığı var. Belə qarətçi elitalar bu gücdən inhisarlar qazanmaq üçün istifadə edir və vergilər yolu ilə başqalarının istehsal etdiklərini müsadirə edirlər. Onlar dövlət xəzinəsindən yedizdirilir, rəqabətdə dövlət tərəfindən himayə olunan inhisar və məhdudiyyətlərdən faydalanırlar” (Tom G. Palmer, “Kapitalizm mənəviyyatı”). Palmerin qeyd etdiyi həmin ölkələrdən biri də Azərbaycandır. Burda vergi ilə bağlı hər kəsin düşüncəsi, hardasa, qədim şumer kitabələrində yazıldığı kimidir: “Bir ağanız və ya bir kralınız ola bilər. Amma əsil qorxulacaq olan şəxs bir vergi məmurudur”.
Amerikada zənginlər Konqresə məktubla ona görə müraciət etmişdilər ki, onlar artıq vergi ödəyərək, ölkənin büdcə kəsirinin azaldılmasına töhfə vermək istəyirdilər. Elə bilirsiniz, bizdə inhisarsız, rüşvətsiz qanuni bir sistem olsa, halal qazancı ilə zənginləşmiş insanların arasından belə nəcib şəxslər çıxmaz? Əlbəttə, çıxar. Həm də belə bir sistem olduğu zaman insanlar özləri könüllü şəkildə vergi ödəməyə maraqlı olacaqlar axı. İndi ölkənin qeyri-qanuni zənginləri, onsuz da, vergidən azaddır. O halda aylıq çörək pulu dərdi çəkən ölkə insanını bir də vergi tələbi ilə sıxmaq onu bilərəkdən bataqlığa itələmək deyilmi? Bu qədər zəngin ölkədə ən yoxsul təbəqəni təmsil edən çəkməçidən, dərzidən, yazıçıdan vergi gözləməyin adı nədir?
Oxunub: 194