Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında prezident sərəncamı imzalanıb.
İndiyə qədər dövlət qulluğuna bu və ya başqa şəkildə sorumlu olanlar həmin şuraya təyinat alıb.
Uzun illərdir dövlət qulluqçularının işinə baxan, onların təyinatında söz sahibi olan Ramiz Mehdiyevin – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri – adı Şura üzvləri arasında birincidir.
Sonrakı yerdə ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyev gəlir. İndi onun vəzifəsinin adı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiridir. Rayon icra başçıları ilə iş onluqdur.
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri – yenə əvvəlki işini görəcək, məsləhət olan müraciət və şikayətləri ünvanına çatdıracaq, məsləhət olmayanı ya zibil qutusuna atacaq, ya da şikayət olunan ünvana yollayacaq.
Şahin Əliyev də – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri – köhnə işlərini görəcək, antidemokratik, mürtəce, xalqın ziyanına olan qanunları müzakirəsiz qəbul etmək üçün Milli Məclisə göndərəcək, gərək olanda onların ekspertizası ilə də məşğul olacaq.
Tələt Məcidov da – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri – uzun illərdir gördüyü işləri görəcək, yeni təyinat onun işində heç bir yeniliyə yol açmayacaq.
Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur. Akademiyanın (həm də idarəçilik) rektoru olmağı ona imkan verir ki, Dövlət Qulluğunu İdarəetmə Şurasında da təmsil olunsun. Ancaq müəllimin bundan başqa da işləri var. O, həm də biologiya elmləri doktoru, professor; AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədridir. Müəllim həm də 310 elmi əsərin, o cümlədən 30 kitab və dərsliklərin müəllifidir.
75 yaşlı adamın bütün bu işləri görməsinə yalnız həsəd aparmaq olar.
Azadliq.info
P.S.Ancaq bu təyinatları növbədənkənar seçkiyə də bağlamaq olar. Adamlar təkcə Dövlət Qulluğunu İdarəetməyə yox, həm də seçkinin necə idarə edilməsinə sorumlu sayıla bilərlər.
Oxunub: 156