Jurnalistin məsələsi ilə əlaqədar Ali Məhkəmə ilə Vergilər Nazirliyi arasında ziddiyyət
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manat 23 qəpiklik iddia qaldırıb. İddia hələ noyabr ayında qaldırılmış və Xədicə İsmayılın “Kapitalbank”da olan hesabının üzərinə həbs qoyulmuşdu. Jurnalist həbs qərarından məhkəməyə şikayət verdiyinə görə həmin iddia üzrə proses təxirə xalınmışdı.
Bank hesabı üzərində həbs qərarı ilə bağlı şikayətləri nə birinci instansiya, nə də apellyasiya məhkəməsi təmin edib. Ona görə də Vergilər Nazirliyinin iddiası üzrə məhkəmə fevralın 20-də davam etdirilib. Bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aidə Hüseynin sədrliyi ilə baxılır.
Məhkəmədə Xədicə İsmayıl nümayəndəsi Yalçın İmanovla birlikdə iştirak edib. Jurnalist iddiaya yazılı şəkildə etiraz verib. Etirazda konkret əsaslar da öz əksini tapıb.
X.İsmayıl 2014-cü ilin dekabrında həbs olunandan sonra ona qarşı irəli sürülən ittihamlardan biri də 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqla bağlı idi. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla, onlara 14 faizlik gəlir vergisi deyil, 4 faizlik sadələşdirilmiş vergi ödəmək şəraiti yaradıb 10 faizlik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə də ittiham verilmişdi. İndi Vergilər Nazirliyi jurnalistdən həmin pulları tələb edir.
X.İsmayıl etirazında göstərib ki, 17 min 992 manatlıq israf etməyə görə ona CM-nin 179-cu (mənimsəmə və israfetmə) maddəsilə ittiham verilmişdi. Amma Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə həmin ittiham üzrə ona bəraət verib. Bu isə o deməkdir ki, sözügedən 17 min 992 manatla bağlı məsələ qüvvəsini itirib.
“İkincisi, iddiaçı Xədicə İsmayıldan istədiyi vergi məbləğini “Azadlıq” radiosunun (RFE/RL. İnc. şirkəti) Azərbaycan nümayəndəliyindən də tələb edir. Yəni, Vergilər Nazirliyinin nüməyəndəlikdən istədiyi məbləğin içində Xədicə İsmayıldan istədiyi hazırki məbləğ də var.
Üçancüsü, cavabdeh Xədicə İsmayıl mənfəət vergisinin ödəyicisi deyil. İddiaçının tələb etdiyi 45 min 145 manat 63 qəpik mənfəət vergisi onun “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu 2 il 2 aylıq dövrdəki fəaliyyəti ilə bağlıdır. Halbuki, “Azadlıq” radiosu qeyri-kommersiya şirkətidir. Bu şirkət ABŞ Konqresi tərəfindən maliyyələşdirilir, yarandığı dövrdən də hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Mənfəət əldə etməyən bir təşkilatdan mənfəət vergisi tutula bilməz.
Dördüncüsü, iddia ərizəsinə əsasən Xədicə İsmayılın vergi öhdəliyi Ali Məhkəmənin onunla bağlı 25 may 2016-cı il tarixli qərarından irəli gəlir. Belə olan halda, məhkəmə qərarı ilə bağlı icra səlahiyyətləri Vergilər Nazirliyi və onun departamentinə yox, icra məmurlarına aiddir”, – etirazda yazılıb.
Xədicə İsmayıl məhkəmədə onu da bildirib ki, onun bank hesabı haqda məlumatlar heç bir məhkəmə qərarı olmadan qarşı tərəfə təqdim olunub. Halbuki, həmin məlumatlar bank sirri hesab olunur və yalnız məhkəmə qərarı ilə verilə bilərdi.
Xədicə İsmayıl və nümayəndəsi etirazı əsaslandırandan sonra iddianın məhkəmə baxışına verilməsinə etiraz edib. Hakimin etiraza münasibəti isə fevralın 28-də keçiriləcək növbəti iclasda məlum olacaq.
azadliq.info
Oxunub: 316