Bu gün Bakı apellasiya məhkəməsində “Kanal13” İinternet televiziyasının rəhbəri Əziz Orucovun şikayəti üzrə proses yekunlaşıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçən məhkəmədə jurnalist barəsində hökm qüvvədə saxlanılıb.
Qərar elan olunmamışdan öncə jurnalistin vəkili Cavad Cavadov bir sıra məsələlərin aydınlaşdırılmasını istəyib. Vəkil deyir ki, cinayət işinin materiallarında Ədliyyə və Vergilər nazirliklərinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə rəyi var:
«Bu rəy guya Əziz Orucov haqda verilib, amma içində iqtisadçı Zöhrab İsmayılın adıdır. Bu da o deməkdir ki, Zöhrab İsmayılla bağlı rəyin üstündə işləyiblər. Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər».
«Onsuz da heç nə eləməyəcəksiz»
C.Cavadov rəy vermiş ekspertlərin dindirilməsini istəyib.
Vəkilin daha bir vəsatəti isə Ə.Orucovun Almaniyada yaşayan qardaşı Anar Orucovun dindirilməsi haqda olub. Müdafiəçi deyir ki, iş materiallarında «Qafqaz Media Tədqiqatları Mərkəzi» İctimai Birliyinin rəhbəri kimi Ə.Orucov göstərilib və bu təşkilata görə ona ittiham verilib. Ancaq bütün rəsmi sənədlərdə də, faktiki fəaliyyətdə də o təşkilatın rəhbəri Əzizin hazırda Almaniyada yaşayan qardaşı Anar Orucov olub.
C.Cavadov həmçinin, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.
Hakim Ə.Orucovdan narazı olduğu məsələlər haqda soruşanda jurnalist belə cavab verib: «Narazı olduğum məsələləri sadalasam belə, onsuz da heç nə eləməyəcəksiz. Vəsatətlərimizin heç biri təmin olunmadı. Eyni şeyləri təkrarlamağımın nə mənası var? Bilirəm ki, hökmü qüvvədə saxlayacaqsız…».
Ardınca prokuror çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.
Bundan sonra bir neçə dəqiqəlik müşavirəyə gedib-qayıdan hakimlərin qərarı da apellyasiya şikayətinin təmin olunmaması, hökmün qüvvədə saxlanması olub.
Jurnalistin vəkili Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək.
Oxunub: 110