Dövlət Neft Fondu Rusiyada mayanı batırıb. Bu ölkəyə yatırılan 633 milyon dolların 38 faizi əldən çıxıb.
DNF-nun rəhbərlliyi batan milyonların xalqa ağlabatan izahatını verilməlidir. Siz də sorğular ünvanlayın, dostlar, bəlkə aydınlıq gətirmək mümkün oldu.
Dövlət Neft Fondu 2012-ci və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 133 milyon dollar (Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi satın alınıb), Bank VTB-nin səhmlərinə isə 500 milyon dollar investisiya qoyub. Rus rublunda ifadə olunan aktivlərə üst-üstə 633 milyon dollar məbləğində investisiya yatırılıb. Fəqət Neft Fondunun 31.12.2017-ci il tarixə açıqladığı rəsmi məlumatlardan məlum olub ki, rus rublunda ifadə olunan aktivlərin dəyəri 394 milyon dollara (21,783 milyard rubla) düşüb. http://www.oilfund.az/uploa…/azeriversion_2017ilinyekunu.pdf
Deməli, Neft Fondunun 633 milyon dollar məbləğində investisiya etdiyi daşınmaz əmlak və səhmlər öz ilkin dəyərini üst-üstə 239 milyon dollar məbləğində itirib (633–394=239). İtki 38 faizə yaxındır (239/633×100%≈38%). İtkilərin 56 faizi 2017-ci ilin payına düşür. Amma itkilər bununla bitmir. Çünki yarım milyarddan artıq maliyyə vəsaiti Rusiya bazarlarına investisiya edilərkən planlar tökülmüşdü, hesaba alınmışdı ki, milyonlarla maliyyə qazancı da əldə olunacaq. O milyonlarla gəlir də əldən çıxıb. İtkilər çox böyükdür.
Fakt budur ki, Neft Fondu Rusiyaya investisiya etdiyi maliyyə vəsaitlərinin nəinki iqtisadi təhlükəsizliyini qoruya bilməyib, hətta mayanı batırıb. Rusiya bazarlarına investisiya qoymağın çox riskli olmasına dair zamanında peşəkar iqtisadçılar tərəfindən edilən müxtəlif çağırışlar nəzərə alınsaydı, heç olmasa mayanı qoruyub saxlamaq mümkün olardı. Odur ki, Neft Fondunun çox riskli sayılan bu layihədə inadkarlıq etməsinin həqiqi səbəblərinə aydınlıq gətirilməli və buna görə həm də fərdi məsuliyyət tələb olunmalıdır. Əks halda, xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq.
İtirilən milyonları bundan sonra çətin ki, bərpa etmək mümkün olsun. Barı ibrət almalı, ziyanın yarısından dönmək lazımdır. Nəzərə almaq lazımdır ki, Bank VTB-nin adı yaxın gələcəkdə Rusiyaya tətbiq olunması gözlənilən əlavə sanksiyalar siyahısına daxil edilib (bu haqda mətbuatda kifayət qədər anonslar yer alıb). Sanksiyalar gerçəkləşərsə (ehtimalı yüksəkdir), rus rublunda ifadə olunan aktivlərin daha sürətlə dəyər itirəcəyi şübhə doğumur. O zaman Neft Fondunun itkiləri daha da böyüyəcək.
Təkrar kobud səhvi tarix heç kimə bağışlamaz!
Oxunub: 316