Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin işi üzrə məhkəmə istintaqı yekunlaşdı. Fevralın 27-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror ona cəza istəyəcək.
Dindar fəalın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü məhkəmə iclasında Ə.Nuruzadənin vəkili Fariz Namazlı bir neçə vəsatət qaldırıb. Məsələn, vəkil Ə.Nuruzadənin üzərindən çıxdığı iddia olunan narkotik haqda rəy vermiş ekspert Nailə Nərimanovanın, dindar fəal saxlanılarkən düşürüldüyü taksinin sürücüsü Elşən Kazımovun məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Vəkil həmçinin narkotikin ekspertizaya göndərildiyi və rəy alındığı vaxtın müəyyənləşdirilməsi məqsədilə sorğu göndərilməsini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Rüstəm adlı əməkdaşının məhkəmədə dindirilməsini istəyib: “Əhsən Nuruzadə özü də ifadəsində göstərdi ki, budəfəki həbsindən öncə iki dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu həbs edib. Ondan günlərlə xəbər çıxmayıb. Yaxınları onun itməsi haqda hüquq-mühafizə orqanlarına ərizə yazmalı olub. Sonradan məlum olub ki, onu bu idarənin əməkdaşları saxlayıbmış. Hər ikisində ona 10 gün inzibati həbs cəzası verilib. Amma o, Binəqədidə inzibati həbs olunanlar üçün nəzərdə tutulan təcridxanada yox, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Hər ikisində də ona xəbərdarlıq olunub ki, Taleh Bağırovu dəstəkləməsin, bu proseslərdən çəkilsin, əks halda, uzunmüddətli həbə göndəriləcək. Deyildiyi kimi də olub.
Əhsən Nuruzadə onu da bildirdi ki, onun tutan əsas şəxslərdən biri Rüstəm adlı biri olub. Araşdırmalarımız zamanı məlum oldu ki, həmin şəxs idarənin dini ekstremizmlə mübarizə şöbəsinin əməkdaşıdır. Bu şöbənin əməkdaşı niyə narkotiklə bağlı əməliyyatda iştirak edib? Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün onun dindirilməsi vacibdir”.
Dövlət ittihamçısı Orxan Dəmirli vəsatətlərə etiraz edib. Bu vəsatətlərin bəzilərinin ümumiyyətlə, iş üçün əhəmiyyətsiz olduğunu deməsi isə Əhsən Nuruzadənin etirazına səbəb olub: “Sizin üçün əhəmiyyətsiz ola bilər, mənim üçün əhəmiyyətlidir. Əhəmiyyətsiz idisə, niyə düzünü yazmayıblar ki, mən olduğum taksinin qarşısını maşınla kəsib, zorla düşürüblər?”
Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Daha sonra məhkəmə istintaqının yekunlaşması haqda qərar elan olunub və prosesdə çıxışlar mərhələsi başlanıb.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Ona fevralın 27-nə qədər vaxt verilib.
Xatırladaq ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırovun müdafiəsindən və “Müsəlman Birliyi” hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.
Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.
azadliq.info
Oxunub: 58