
“Şöhrət” ordenli başçısı rüşvət üstə yaxalanıb
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, prezidentin “Şöhrət” ordenli kadrları yavaş-yavaş çürük çıxır. Bu gün həmin ordenli icra başçılarından birinin çevrəsi ilə bərabər həbs olunduğu xəbəri yayılıb. Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən saxlanılıb. DTX-da saxlanılan başçının evində axtarış aparıldığı bildirilir. Onunla bərabər saxlanılanlara arasında müavini Ramiz Tatarov da var. Tatarov həm də hakim Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədridir. Bəzi mənbələrə görə, başçının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.
Nizaməddin Quliyev aprel ayında Goranboy rayonundan Ağstafaya göndərilən zaman yazmışdıq ki, rüşvətxorların yerini dəyişməklə xalqa sırınan “kadr islahatı” şousunun sonu yoxdur.
Deyilənlər bir-bir düz çıxır. Xəbər verildiyinə görə, Maliyyə Nazirliyi bir müddət öncə Quliyevin Goranboydakı fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb. Bu barədə Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. “Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”- deyə bildirilib.
Nizaməddin Quliyev əvvəlki vəzifəsində düz 10 il işləyib. Necə işlədiyini hər kəs bilir. Bu ölkədə icra başçısını rüşvətə görə ilişdirməzlər, şübhəsiz ki, işin içində başqa bir əmma var. Guya İlham Əliyevin hansı icra başçısı rüşvət almır ki, o da almasın? Bir də, adamlar rüşvəti alıb təkcə öz ciblərinə qoymur axı, yuxarının bəlli payını vaxtında məlum ünvana çatdırırlar. N. Quliyev o qaydanımı pozub, hesabı başqa ünvanamı göndərib, yaxında qoxusu çıxar.
Qeyd edək ki, N. Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Aydın