Sosial şəbəkələrin dilində əzbər olan parlament deputatlarından biri də tarixə qovuşur, deyəsən. Məlumatlı mənbələrin dediyinə görə, 72 yaşlı Hadı Rəcəbli bu dəfə mandat ala bilməyəcək. Bu gediş münasibətilə bizim ona bir sürprizimiz var. Onu rubrikamızın məşhurları arasında “ilin çinlisi” seçmişik. “Niyə”sini özünüz tapın. Adam bir az əvvəl Çin səfərindən qayıdanda nə demişdi? Demişdi ki, Çində uşaqpulu məfhumu yoxdur, “Çində, əksinə, çox uşaq olanda, ikinci uşaq olanda ondan vergi tutulur”. Ölkədə çoxuşaqlı ailələrə uşaqpulu verilməsinin qəti əleyhdarı olan deputat onu da bildirmişdi ki, o yalnız beş uşağı olan ailələrin çoxuşaqlı ailə hesab olunması təklifini verib. Sonra da deyirlər ki, sosial şəbəkələr bizi niyə söyür, nəvələrimiz oxuyub stress keçirirlər. Qosqoca adam illərdir parlamentdə oturub, gününü görüb, dövranını sürüb, hələ indi də deputat kürsüsündən düşmək fikri yoxdur, amma yoxsul ailələrə uşaqpulu verilməsinin əleyhinə çıxış edir. Hələ bu fikrini möhkəmlətmək üçün durub burdan Çinə də gedib. Sosialist ölkəsində öyrəndiyi təcrübəni mətbuata danışıb, deyir ki, uşaqlara pul vermək yaxşı iş deyil, böyüyəndə pulgir öyrənərlər. Bunu deyərkən elə hesab edir ki, insanlar onun bu illərdə uşaqları üçün qurduğu biznes imperiyasından xəbərdar deyillər. Düşünür ki, oğlunun, qızının, gəlininin sahib olduğu şirkətlərin, obyektlərin, otellərin, mağazaların siyahısınız millət tapıb ortaya çıxara bilməyəcək. Çoxdan tapıb çıxarıblar artıq…
Çin söhbəti Hadı Rəcəblinin dillərə düşən birinci söhbəti deyil. O bundan əvvəl də çox belə günahlara girib. Parlamentdə xalqın yoxsulluq durumuna münasibət bildirərkən “müəllimlər dolana bilmirsə, işdən sonra getsin daş yonsun, hörgü hörsün” “aforizmini” hamınız xatırlayırsınız yəqin ki. Vallah, dünyanın heç yerində millətə bu qədər yad deputatlar yoxdur. Nədir bunların millətə verib ala bilmədikləri, görəsən? Uşaqpuluna qarşı çıxacaq qədər necə zalımlığı necə sığışdırırlar özlərinə? Adamlar iş-güclərini atıb, uşaqları ac qoymaq yarışına girişiblər. Rəsmən dirəşiblər ki, uşaqpulu olmayacaq. Bilirsiniz niyə? Çünki bu təklif ilk dəfə müxalifətdən gəlmişdi və hakimiyyət məsələni həll edib, xalları müxalifətin adına yazdırmaq istəmir. Yuxarıdan da bu tutuquşulara göstəriş verilib ki, məsələnin qeyri-mümkünlüyünü əsaslandırmaq üçün əlinizdən gələni edin. Niyə bu qədər canfəşanlıq etdikləri də aydındır. Bunlar özlərini hakimiyyətin xidmətçiləri sayırlar, millətin yox. Onlar hakimiyyəti saxlamaq üçün təyinatlıdırlar, milləti saxlamaq üçün yox. Onlar öz həyatlarını yaxşılaşdırmaq üçün orda oturublar, millətin həyatını yaxşılaşdırmaq üçün yox. Həyatlarını da bu illərdə ən yüksək səviyyədə yaxşılaşdırıblar. Hadi müəllimə tövsiyə edirik, alsın təyyarə biletini, getsin çox sevdiyi Çində yaxşı-yaxşı dincəlsin, dünyanın işini bilmək olmaz.