Deyəsən təkcə torpaqlarımızı deyil, sularımızı da quldurlara tapşırıblar. Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov haqqında yazılanları oxuyanda, adam dəniz piratları haqqında çəkilmiş filmə baxdığını düşünür. Onun qaranlıq dosyesində qanunsuz gəmi ələ keçirməkdən tutmuş, diplom satmağa, eyş-işrətə qədər hər cür əyri əməl varmış. Onun piratlıq təcrübəsinin tarixi hələ çox illər əvvəllərə gedir. O zaman mətbuat davamlı olaraq Qəmbər Səfərov adlı şəxsin Həştərxan vilayətindən aldığı gəmisini Qurbanovun dələduzluq yolu ilə ələ keçirdiyini yazırdı. Yazılanlardan məlum olmuşdu ki, “Yunıy Moryak” adlı gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib və bu işin arxasında dayanan şəxs də Qurbanovun özü olub. Çox ehtimal ki, ona bu işdə yaxın dostu, sabiq MTN şefi Eldar Mahmudov da yaxından kömək edib. Amma deyəsən Qüdrət Qurbanov dəniz piratları haqqında filmlərdən də çox şey öyrənib. Onun eyni zamanda güclü qumarbaz olduğu, gəmilərlə üzdüyü uzaq ölkələrdə böyük pullar uduzduğu deyilir. Yaxın zamanlarda Agentlik rəhbərinin Monte Karloda külli miqdarda pul uduzduğunu mətbuat da açıq şəkildə yazmışdı. Dəniz piratının alışıq olduğu pis vərdişlərdən biri də gününü eyş- işrət məclislərində keçirməkdir. Necə deyərlər, “yeyib-içən oqlandır”.
Amma hələ bunlar da hamısı deyil. Adamın böyük qazancı həm də böyük təhlükələri gözə alıb sulara çıxan dənizçilərin istismarından çıxır. Onun qoyduğu qiymətə görə, dənizçilər üçün sertifikat və sürücülük vəsiqəsi 3-5 min manata satılır. Hətta burada ağır şəraitdə çalışan dənizçilər də dənizə çıxmaq üçün Dövlət Dəniz Agentliyindən sertifikat almalıdır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında həmin məbləği ödəməli olurlar. Qüdrət Qurbanov sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin verdiyi məlumata görə, orda matros diplomunu 2500-3000 manata, bosman diplomunu 4000-5000 manata satırlar. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib. Əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qurbanovun qurduğu sistem belə tələb edir. Quruda başımıza bəla olan sistemin hoqqalarını bilirik. Heç demə, dənizdə əməkçi insanlara bəla olan Qurbanovun da öz soyğunçuluq sistemi varmış. Nə demək, adamın adı üstündə-pirat Qüdrət!