Naxçıvan xanını zərərsizləşdirməyin yeni planı
Hakimiyyətin iki klanlı sistemdən bir klanlı sistemə keçmək planları çətin gedir, deyəsən. Köhnə qvardiya üzvlərinin ard-arda sıradan çıxarılması onların kilid adamını da dillənməyə vadar etdi. PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyev ard-arda iki məqalə yazaraq Paşayevlərə mesajını çatdırdı. Boz kardinal açıq deyir ki, bizim adamlara toxunmaq sizə baha başa gələr. “Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər… Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir”. Mehdiyevlə xanım Əliyeva arasında xoşagəlməz münasibətlərin olması yeni söhbət deyil. Amma indi qarşıdurma daha açıq müstəviyə keçir. Hələ qarşıda Naxçıvan klanının daha bir akulasını sıradan çıxarmaq planı var. Klanın başında gələn boz kardinalın PA-nın rəhbərliyindən uzaqlaşdırılması başlanğıc idi. Əsl təmizlənmə bundan sonra üçün planlaşdırılır. Yazdığımız kimi, parlament dəyişikliklərindən sonra rüzgarlar Naxçıvana istiqamət götürəcək. Siyahının başında 25 ildir Naxçıvanı dədəsinin koloniyası kimi idarə edən Vasif Talıbovun da adı var. Məlumatlı mənbələrin dediyinə görə, onu yola salıb, yerinə “normal, sivil, adekvat” kadr gətirmək planı çoxdan masanın üstündədir. Təbii, o “normal kadr” da rejimin öz adamı olacaq, başqası yox. Lakin ən azı insanların canı 25 ildir Naxçıvanı Şimali Koreya qanunları ilə idarə edən Talıbovdan canı qurtaracaq. Əliyevlər cütlüyü Talıbovun da çətin qoz olduğunu bilir. Ona görə də, onun “devrilməsi” üçün daha yumşaq plandan istifadə etmək niyyətindədirlər. Deyilənə görə, artıq Vasif Talıbovun vitse-prezident vəzifəsinə gətirilməsi ilə bağlı danışıqlar gedir.
Varis Seymur Talıbov olmayacaq
Mətbuatın yazdığına görə, xəstəlik səbəbindən çoxdandır Talıbovun muxtar respublikanın idarə olunmasında iştirakı formal xarakter daşıyır. O, idarəetmə ilə bağlı bütün qərarları oğlu Seymur Talıbova tapşırıb. Yəni nəzərə alın ki, səhhəti ilə bağlı ciddi problemlər yaşandığı söylənən Talıbovun da öz varis planı var. O özündən sonra yerinə oğlunu qoyub getmək istəyir. Xatırladaq ki, Seymur keçən seçkilərdə Naxçıvan Ali Məclisinə deputat “seçilib”. Oğul Talıbov həm də Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura üzvüdür. Mətbuatda gedən xəbərlərə görə, son illər muxtar respublikada yüksək vəzifəli şəxslərin bir-birinin ardınca işdən çıxarılması və əmlaklarının “milliləşdirilməsi” prosesi Seymur Talıbovu Ali Məclis sədrliyinə gətirməyə hesablanıb. O adı həm də Naxçıvan Gömrük Komitəsinin sədri Asəf Məmmədovun işdən azad edilməsi zamanı baş verən qalmaqalda, onun müavini Mirməhəmməd Seyidovun intihar hadisəsində hallanır. Bir sözlə, Seymur Talıbovun tam atasına layiq bir varis olduğu bildirilir və şübhəsiz ki, o heç bir halda xanım Əliyevanın axtardığı kadr ola bilməz.
“Kiçik torpağa” Paşayevlərin kadrı göndəriləcək
Böyük ehtimalla parlament seçkilərindən sonra Naxçıvanla bağlı dəyişikliklərə start veriləcək. Vitse-prezident Naxçıvanda Talıbovun köhnə kadrlarını bir-bir dənlədib, yerinə öz adamlarını yerləşdirməyi planlaşdırır. Amma “kiçik torpaq”da oğul Talıbov da çoxdan öz komandasını formalaşdırmaqla məşğuldur. Belə görünür ki, klanlararası davada hamı kimi, o da başına sadiq adamlar yığıb atasının yerinə keçməyə hazırlaşır. Lakin indi işlər qarışıb, daha Talıbovun aid olduğu klanın sözü keçmir. Bu halda onun varis planı da baş tutana oxşamır. Mehriban Əliyevaya yaxın adamlar onun Naxçıvana tamam başqa bir kadr təyin etmək, orda köklü dəyişikliklər aparmaq, azad iqtisadi zona yaratmaq planlarından danışır. Kim olacaq həmin yeni kadr? Hər kimsə, Seymur Talıbov olacağına bənzəmir. Yəqin ki, yenə Paşayevlərə çox sədaqətli biri olacaq.