Neft milyardlarında cinayət ortaqları
Dəfələrlə yazmışıq, ölkə əhalisinin 90%-i SOCAR-a və onun rəhbərliyinə nifrət edir. Buna əmin olmaq üçün özünüz də sosial şəbəkələrdə bir sorğu apara bilərsiniz. Nifrətin səbəbi məlum. İnsanlar ölkədə baş verən bütün bəlalarda SOCAR və onun başında dayananları günahkar görür. Son günlər Malta qalmaqalında bütün cinayət izlərinin şirkətin üzərinə gəlməsi bu qənaəti bir daha möhkəmləndirir. İnsanlar birmənalı olaraq bu fikirdədir ki, “böyük neft milyardları şirkətin əli ilə çirkli oyunlara xərclənməsəydi, başımıza bu bəlalar gəlməzdi”. Məsələnin kökü daha dərin olsa da, xalq ittihamlarında haqlı. Milyardlar necə xərclənib, kimin adına, haralara gedib, dəxli yoxdur. Fakt odur ki, bütün bunlar Rövnəq Abdullayevin əli və imzası ilə edilib. Adam yuxarılara verdiyini verib, ailəsi üçün götürdüyünü götürüb, dövlət şirkətini müflis edib, amma hələ də prezident kürsüsündə qalır. Neftdən gələn bu qədər neft milyardları hara gedib, məlum. Geriyə qalan acı gerçək də ortada, hazırda SOCAR-ın 11 milyard borcu var. Dünyada belə bir rəzalət görmüsünüz? Bu qədər cinayətləri necə görməzdən gəlmək olar? Adı bu qədər rüsvayçılığa qarışmış adamı vəzifədə necə saxlamaq olar? Rövnəq Abdullayevi belə ciddi-cəhdlə qoruyan kimlərdir? Bəylər Əyyubovmu, İlham Əliyevin özümü? Xalqın Abdullayevlərə olan sonsuz antipatiyası sosial şəbəkələrdə bəlli. İlham Əliyev onları dəstəkləməklə o antipatiyanı öz üzərinə çəkdiyinin fərqində deyilmi? Fərqindədir, təbii. Amma çox ehtimal ki, Abdullayevin milyardların taleyi ilə bağlı bildikləri müqabilində susub durur. Son aylar “islahat” deyib duran, köhnə kadrları uzaqlaşdırıb, yeniləri ilə əvəz edən prezident, birinci Rövnəqlərdən başlamalı deyildimi? Bir ara şirkət prezidentinin yola salınacağı haqqında söhbətlər də gündəmi zəbt etmişdi. Amma sonra nə oldusa, mövzu qapandı. Nə olduğunu anlamaq da çox çətin deyil, şübhəsiz.
Hakimiyyətin böyük oyunlarının baş sponsoru SOCAR
SOCAR illərdir hakimiyyətin böyük oyunlarının baş sponsoruna çevrilib. Araşdırmalar dönə-dönə sübuta yetirib- ortada böyük iqtisadi cinayətlər var. Neftdən gələn milyardlar ofşorlara daşınıb, satışdan oğurlanan milyardlar ciblərə axıb. Uzun illərdir dövlət neft şirkətini babasının mirası kimi idarə edən adam mühüm vəzifələrə yerləşdirdiyi qohumlarını milyonçuya çevirib. Ölkə insanı müflisləşib dilənçi kökünə düşüb, amma onların lüks saatları da, lüks avtomobilləri də, biznes imperiyaları da yerindədir. Harınlayıb özləri üçün qoçu dəstəsi də saxlayırlar. Vaxtilə SOCAR-ın fəaliyyəti ilə bağlı araşdırma aparan “Global Witness” təşkilatının təmsilçisi SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığını qeyd etmişdi. Bunlardan təkcə birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan “Socar Trading SA” şirkətindən Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Şərhə ehtiyac varmı? Hələ yaxın zamanda gündəmə daha bir beynəlxalq qalmaqal gələ bilər. Yayılan məlumatlara görə Belçikanın aparıcl “Fluxys” sirkətinin Azərbaycanın SOCAR şirkəti ilə böyük korrupsiya əlaqələri aşkarlanıb.
Xalq tələb edir, Əliyev susur
Prezident Rövnəq Abdullayevi istefaya göndərməkdə niyə tərəddüd edir? Yoxsa milyardların yuyulması ilə bağlı ortaq cinayətlərinin ortaya çıxmasından ehtiyatlanır? Şübhəsiz, elədir. Maltada baş verənlər də bunu bir daha sübut edir. İnsanlar illərdir Abdullayebin şirkət prezidenti olduğu müddətdə ölkənin ən böyük oliqarxlarından birinə çevrilməsinə, oğlunun uzaq ölkələrdə çıxardığı hoqqalara qəzəblidir. İnsanlar onun SOCAR-ı ailə şirkətinə çevirib qohum-əqrəbalarının ixtiyarına verməsinə qəzəblidir. İnsanlar ölkənin milyardlarını ailənin ata malı kimi bölüşdürüb götürməsinə qəzəblidir. İnsanlar onun SOCAR-ın bütün mühüm şöbələrinə öz adamlarını yerləşdirib, dünyanın dörd tərəfində balalarına böyük şirkətlər şəbəkəsi qurmasına qəzəblidir. Bütün bunlara rəğmən, İlham Əliyev yenə onu vəzifədən uzaqlaşdırmağa qorxur. Niyə qorxduğunu bilirsiniz.