Allah heç bir parlamentin başına Elman Nəsirov kimi müsibət gətirməsin. Adamın hər çıxışından sonra “bunu bura kim, hansı ağılla seçdirib” deyib üsyan etməyin gəlir. Doğrudanmı, bu hakimiyyətin başında siyasətdən normal başı çıxan biri yoxdur ki, onu susdursun. Hələ bir də adama “siyasi analitik” deyib televiziya proqramlarına çıxaran düşüncə sahibləri də var. Allah onlara da ağıl versin. Görün, ölkə gündədir ki, parlamenti və mətbuatı onun ümidinə qalıb. Buna baxanda, Rusiyanın “siyasi kloun” ləqəbli Vladimir Jirinovskisinə şükür. Adamın qabında olanımı budur, yoxsa klounluq edir, anlamaq zor. Zamanında teatr aktyorluğu oxusaydı, gerçəkdən, ölkənin tanınmış oyunçusu olardı. Heyf, yerinin səhv düşdüyünə. Təsəvvür edin, bu adam hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim işləyir, tələbələrə siyasət dərsi keçir. Elman Nəsirovdan siyasət dərsi alan ölkənin gününü özünüz görürsünüz.
Maraqlıdır, Nəsirovun unikal çıxışlarından İlham Əliyevin xəbəri var? Axı adam bütün siyasi şərhlərini məhz onun analoqsuz siyasi uğurlarına həsr etməklə gündəmə gəlir. Hər halda, prezident onun vaxtaşırı sosial şəbəkələrə məsxərə olan “aforizmlərindən” xəbərsiz deyil və bəlkə, çox da məmnundur. Əliyevin belə klounları sevdiyini kim bilmir ki? Bir də, heç onun özünün siyasi baxışları da Nəsirovdan çox uzağa getmir axı. Kimdən kimə irad tutacağını gözləyirik ki?
“Ermənilər səngərdə gün işığına həsrətdir, onları cənab prezident məcbur edir ki, əyilə-əyilə gəzsinlər.” Özünə hörmət edən adam bu ağılda, bu düşüklükdə birini ortaya çıxarıb, milləti üstünə güldürməz. Amma adamı medianın ulduzuna çeviriblər. Hansı saytı açsan, hansı kanalı çevirsən içindən Nəsirovun sifəti çıxır. Dərd odur ki, adam nədən lağ hədəfi olduğunun da fərqində deyil. Məsxərəyə qoyulduqca həvəslənib lap klounluğun şitini çıxarır. “Səngər” söhbətindən aldığı şapalaq bəs deyilmiş kimi, çıxıb bir də söhbəti təzələyir: “Bu gün sosial şəbəkələrdə sözün həqiqi mənasında anarxiya hökm sürür. Saxta profillər adları altında qaragüruhçu qüvvələr mənə və ayrı-ayrı tanınmış ictimi-siyasi xadimlərə qarşı qarayaxma kampaniyaları aparırlar. Hesab edirəm ki, onların hər biri erməni lobbisinin sifarişlərini yerinə yetirirlər. Bəzən ələ salaraq yazırlar ki, Paşinyan Qarabağa əyilə-əyilə gəldi və sairə. Sanki sevinirlər ki, erməni əsgəri səngərdə dik gəzsin, Azərbaycan torpaqlarında qorxmadan dolaşsın və sairə. Mənim bu cür insanlara yazığım gəlir.” Yazıq gəlinəcək biri varsa, o da sizsiniz, Elman müəllim. Hələ bir araşdırın, görün, tələbələriniz sizi necə ələ salıb gülür. “Azərbaycan lideri Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir.” Bax, ağzınız deyən bu sözləri qulağınız duysaydı, başa düşərdiniz ki, sizin liderinizin 16 ildə edə bilmədiklərini Paşinyan cəmi 2 ildə edib. Əhalisini də Qarabağda məskunlaşdırıb, ordan Əliyevə mesaj verir ki, torpaq söhbətini unudun. İndi, gör əyilən kimdi, dik gəzən kimdi, politoloq Nəsirov?