Sosial şəbəkələr bir aydır Əliyevlər ailəsinin yarım milyardlıq təyyarəsini müzakirə edir. İnsanlar qəzəblidir, uzun zamandan bəri xalqın uşaqpulu tələbini qulaqardına vuran hakimiyyət yarım milyardlıq təyyarəni hansı pulla alır? Axı İlham Əliyev öz sözçülərinin diliylə əhaliyə çatdırıb ki, uşaqpulu verməyə imkanları yoxdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqca bildirdi ki: “Uşaq pulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunu ölkədəki bütün uşaqlara şamil etsək, ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Buna dövlətin imkanı yoxdur.” Tibbi sığorta ilə bağlı bir açıqlama da Səhiyyə nazirinin müavini Rahim Əliyevdən gəldi. O bildirdi ki, pulsuz səhiyyə özünü doğrultmayıb: “Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir.” Bu açıqlamaların nə anlama gəldiyini anlayırsınız. Yuxarılar açıqca deyir ki, büdcənin pulları bizim lüksümüzə güclə çatır, sizə verəcək artıq pulumuz yox. Adama deyərlər, pul yoxdursa, əlinizin altında neçə təptəzə təyyarə ola-ola, yenisinə o qədər pul xərcləmək hansı insanlığa sığır? Sosial şəbəkədə gedən müzakirələrdə insanlar təyyarəni geri qaytarıb, pulunu əhalinin sosial problemlərinə yönəltməyi tələb edir.
Amma insanlı saya salan, səsini eşidənmi var?
Bildiyiniz kimi, AZAL 346 milyon 900 min dollar və ya 589 milyon 730 min manatlıq təyyarəni “Boing” şirkətindən alıb. Hökumət nəqliyyatı üçün dizayn edilən VIP B777-200 (LR) təyyarəsindən “Boing” şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Xəbəri paylaşan iqtisadçı alim Qubad İbadoğlu yazmışdı ki, bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı qız uşaqlarının hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı. Bax, beləcə aylardır bu adamlar bəyan edirlər k, uşaqpulu verməyə imkan yoxdur. Tibbi sığorta da verə bilmirlər, ölkənin milyardları ancaq bunların komfortuna, ailə büdcələrinə və hakimiyyətin ömrünü uzatmaq üçün lobbi xərclərinə gedir. Deyilənə görə, bu bahalı VİP B777-200 (LR) təyyarəsi Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.
Sosial şəbəkə istifadəçiləri “təyyarə qaytarılsın” kampaniyasını genişləndirmək üçün minlərlə insana müraciət ünvanlayırlar. Əlbəttə, ilin-günün belə ağır vaxtında ölkə büdcəsinin 4 faizi dəyərində yeni bir təyyarə almaq harınlıqdan başqa bir şey deyil. O pulu ölkənin minlərlə kasıb ailəsinin ehtiyaclarına yönəltmək olardı. Amma yönəltmək istəmirlər ki, sadəcə, bu ölkənin insanlarını rəiyyət, özlərini isə ağa statusunda görürlər.