Onlar Zakir Fərəcovdan tapşırıq gözləyirlər
Dekabrın 23-də 19 yerlik Sumqayıt bələdiyyəsi uğrunda 75 namizəd mübarizə aparacaq. Onlardan 26 nəfəri hakim partiya üzvüdür və 8 YAP-çı öz təşəbbüsü ilə seçkiyə qatılıb. BQP, BAXC, ASDP, AMİP, VP, AKP, VHP partiyalarının hər birindən 1 nəfər namizəd, ADİSP-dən isə 2 nəfər namizədliyini irəli sürüb. 38 nəfər bitərəf kimi seçkiyə qatılıb.
Namizədlərdən 10 nəfəri işsizdir, 3 namizəd təqaüdçü, 1 nəfər özünü azad sahibkar, 1-i kiçik sahibkar, 1 nəfər isə sahibkar kimi qeyd edib. Namizədlər arasında 10 müəllim, 2 bağban, uşaq bağçasından 2 dayə də var.
Ümumiyyətlə, keçmiş bələdiyyə üzvlərinin hamısı namizədliyini irəli sürüb, onların arasında YAP-çı Akif Kərimov və VHP sədrinin müavini Yusif Salmanlı 1999-cu ildən bələdiyyə üzvüdür.
Adının açıqlanmasını istəməyən Dairə Seçki Məntəqəsinin üzvü deyir ki, AXC Sumqayıt təşkilatının yaradıcılarından olan Yusif Salmanlı 2000-ci illərdə bu partiyadan bələdiyyə üzvü seçilirdi, 2008-ci ildən VHP-yə transfer oldu və hazırda bələdiyyədə müxalifəti təmsil edir. Həm də qurumda Ekologiya Komissiyasının sədridir.
“Hazırkı icra başçısı və 1999-2004-cü illərdə bələdiyyə sədri olan Zakir Fərəcov sabiq sədr Əbülfəz Babayevi sədrlikdən uzaqlaşdıranda, onun köməyinə Yusif Salmanlı yetişdi”.
Seçkinin keçiriləcəyi 41, 42, 43 və 44 saylı dairələrdə 134 məntəqə var. Dekabrın 23-də ölkədə bələdiyyə seçkisidir.
Adının açıqlanmasını istəməyən məntəqə sədri isə deyir ki, hazırda dairə sədrləri çaşqın durumdadır. Çünki əvvəlki illərdə bir həftə əvvəl hansı namizədlərin bələdiyyə üzvü olacağı dairə və məntəqə sədrlərinə məlum olduğu halda, bu dəfə icra hakimiyyətindən hələ göstəriş almayıblar:
“Məsələ ondadır ki, Yevlax və Ağstafadakı həbslər Sumqayıt rəhbərliyini qorxuya salıb. Zakir Fərəcov indiki həssas mərhələdə seçkilərlə bağlı məsuliyyət altına girib, hər hansı səhvə yol vermək istəmir.
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası bir sıra məqamları ilə yadda qaldı, namizədlər seçicilərlə görüşlər keçirmədilər, imzatoplama və təşviqat-təbliğat kampaniyası çox sakit, sumqayıtlılara diqqət yaratmadan yekunlaşdı. Hətta təbliğat-təşviqat kampaniyasına 1 gün yarım qalmış bir çox məntəqənin qarşısındakı lövhələrdə namizədlərin şüarları yığışdırılsa da, etiraz edən olmadı”.
Adının çəkilməsini istəməyən namizədlərdən biri də deyir ki, bələdiyyənin 2014-2019-cu illərdə sədri olan Sultan Əsədov yenidən postunu qorumaq istəyir. Amma icra başçısı Zakir Fərəcov vaxtilə Abşeronda çalışarkən müavini olan, qohumu Sərvis Süleymanovu gələcək bələdiyyənin sədri görmək istəyir:
“44 saylı dairənin sədri Məzahir Süleymanov Sərvis Süleymanovun qardaşıdır. Ancaq Sultan Əsədov bələdiyyənin hüquqşünası Zaur Şabalıyev və köməkçisi Ruqiyyə Ağayevanın da namizədliyinin keçməsində israrlıdır ki, sədrlik postunu saxlasın”.
Mənbə iddia edir ki, Zakir Fərəcov Sultan Əsədova zərbəni bu dəfə də müxalifətçi Yusif Salmanlı tərəfindən vura bilər:
“Necə ki, sabiq sədr Əbülfəz Babayevin sədrlikdən uzaqlaşdırılmasında o, xüsusi canfəşanlıq etmişdi”.
Azadlıq.info