Merkelin 18 illik geyimi və Əliyevanın 160 min dollarlıq çantası
Dünyanın qəribə təzadları var. Avropanın ən varlı ölkəsi sayılan Almaniyanın baş naziri Angela Merkel “köhnə dəbli” geyimlərinə, bizim vitse-prezident xanım isə ifrat bahalı geyimlərinə görə gündəm olur. Bu yaxınlarda Merkelin Zalsburq kinofestivalından yayılan fotoşəkillərində onun 18 il öncə geyindiyi paltarda gecəyə qatıldığı məlum olmuşdu. Alman jurnalistləri arxiv fotoları əsasında müəyyən etmişdilər ki, baş nazirin geydiyi geometrik tunik bundan öncə 1996, 2002 və 2009-cu illərdə qatıldığı mərasimlərdə də onun əynində olub. Dövlət başçısı bildirib ki, 18 il əvvəl Kaliforniyada aldığı tunik onun ən sevdiyi paltarlarından biridir. Mehriban Əliyevanın bu gün dünyanın ən güclü və ağıllı siyasətçi qadını sayılan Merkeldən örnək aldığı nəsə varmı? Əlbəttə, onların arasındakı fərq müqayisəolunmazdır. Ən azı, ona görə ki, alman kansler dövlət başçısı olduğu illərdə ölkə iqtisadiyyatını dünyanın ən öncülləri sırasına çıxarıb. Vətəndaşlarının qazanc, rifah və təhlükəsizlik səviyyəsinə görə də, Almaniya dünya üzrə ilk onluqda yer alır. Merkel istəsə, Əliyevanın düşkün olduğu bahalı brendlərdən geyib, daşıdığı 160,000 dollarlıq “Hermes Blue Dimond Croc” çantasından daşıya bilməzmi? Yəqin ki, bu haqda ona sual versəniz, qadının gözləri böyüyər və zarafat etdiyinizi düşünər. Əlbəttə, qanun və dəyərlər ölkəsi olan Almaniyada nə bir dövlət başçısı belə ifrat bahalı geyinməyi ağlına gətirər, nə də onların hər addımını diqqətdə saxlayan azad media buna imkan verər.
16 ildə onun bir paltarda ikinci dəfə görən olubmu?
Amma Merkel kimi tanınmışlardan nümunə götürmək xanım Əliyevanın ağlının ucundan da keçməz. Onun gözü dünyanın lüks çılğını olan şahzadələrindədir. Geyim tərzindən, qrimindən, aksessuarlarından tutmuş, gün eynəklərinə qədər o, həmin qadınlarla bəhs aparır. Vitse-prezident xanımın hər il qarderobunu neçə dəst paltarla zənginləşdirdiyini dəqiq bilmirik. Amma ərinin prezident olduğu bu 16 ildə onun bir paltarı ikinci dəfə geydiyini görən olubsa, xatırlatsın. O hesabla xanımın ildə neçə dəfə libas dəyişdiyini, ümumilikdə, qarderobunu neçə dəfə təzələdiyini özünüz də hesablaya bilərsiniz. Bəlkə 1000, bəlkə də 2000 dəst paltar gəlib keçir xanımın mövsüm kolleksiyalarından? Yaxın çevrəsindən sızan məlumatlar əsasında media hesablayır ki, onun aylıq xərci hardasa 450 min avroya gəlib çıxır. Əliyeva və qızlarının brilyant qaşlarla bəzədilmiş bir çantaya 160,000 dollar ödədiyini nəzərə alsaq, deyilənlərin şişirtmə olmadığına özünüz də inanacaqsınız. Xatırlayırsınızsa, müşahidəçilər onun 2 günlük Moskva səfərində 5 dəfə paltar dəyişdiyini yazmışdılar. Xanımı əbəs yerə jurnallar “moda ikonu” elan edib qapaq səhifələrinə çıxarmır ki. Məsələn, Türkiyənin ən məşhur “onedio” saytı dörd il əvvəl “dünyanın ən cazibədar 13 “birinci ledisi” ” siyahısında Mehriban Əliyevanı 2-ci sıraya qoymuşdu. Saytda “birinci ledi”lər belə kinayəli bir formada təqdim olunmuşdu: “”Birinci ledilik” statusu bir az ciddiyyət, bir az rəsmiyyət tələb etsə də, bəzi “birinci ledilər” bunu ikinci plana atıb, daha fərqli bir temperamentlə xatırlanmağı seçmişlər. Hətta bir çoxu öz ölkələrində moda ikonu olaraq tanınmışdır.”
Şahzadələr kimi geyim düşkünü
Mehriban Əliyeva diktatura rejiminin tipik siması olduğuna görə, bəhsə girdiyi qadınların statusu da bənzərdir-Səudiyyə Ərəbistanı kralının həyat yoldaşı Şahzadə Dina, Monako şahzadəsi Şarlott Kazaraqi, Qətər əmirinin ikinci arvadı Şeyx Moza. Yəni, dünyanın lüks, brend, “şoppinq” dəlisi olan moda ikonları. Hakimiyyət, güc, gözəllik çılğınlığı gözünü örtmüş bəzəkli kuklalar. Bəşəri dəyərlərin, insan azadlıqlarının heçə sayıldığı ölkədə seçilmək, üstün olmaq ehtirasına əsir düşən modabaz gəlinciklər. Əliyeva onlardan başqa nə öyrənə bilər? Onları birləşdirən əsas dəyər düşkün olduqları geyim çılğınlığıdır. Əzilən xalqın milyonları hesabına “ Roberto Cavalli Resort”, “Monique Lhuillier”, “Giuseppe Zanotti”, “Tiffany & Co”, “Balmain”, “Alexander McQueen”, “Herve Leger”, “Dolce&Gabbana”nın ən bahalı brendlərini geyinib hamıya hava atmaq. Əmin olun ki, dünyanın siyasi havası onların üzündən bu qədər çirklənib. Çox gec olmadan, bu siyasi atmosferin təmizlənməsi lazım.