16 ildən sonra söyüş TV-yə verilən müsahibə
On altı il hakimiyyətdə olan prezidentin ölkə mediasına cəmi bircə dəfə müsahibə verməsinə necə baxırsınız? Əgər ona da müsahibə demək olarsa. Adam 16 ildən sonra şeytanın qıçını sındırıb yerli mediaya müsahibə vermək fikrinə düşə, onda da Real TV-ni seçmiş ola. Həmsöhbəti də söyüş makinasına çevirdiyi Mirşahin. Bu müsahibənin necə hazırlandığını hamımız bilirik. Suallar əvvəldən təqdim olunub, senzuradan keçib, uyğun olub-olmadığı yoxlanıb, sonra qərar verilib. O suallardan kənara çıxmaq, ortada replika vermək icazəsi belə yox. Amma bütün bu hazırlıqlardan sonra belə, Əliyevin kamera qarşısında gözləri böyümüşdü. Kənardan elə təəssürat yaranırdı ki, adam qarşısındakı jurnalistin hər an çaşdırıcı sual verəcəyindən ehtiyatlanır. Burda maraqlı bir xatırlatma yerinə düşər. İlham Əliyev hələ atasının sağlığında, ARDNŞ-də vitse-prezident olan zaman ANS-də Mirşahinlə həmsöhbət olmuşdu. Söhbətin o zaman da eyni formatda, əvvəldən verilmiş suallar əsasında aparıldığı aydın idi. Xatırlayın, Əliyev o zaman necə sərbəst və necə özünə inamlı idi. Azərbaycancası indikindən pis olsa da, siyasi təcrübəsi daha az olsa da, adam o zaman daha rahat danışırdı. İndi İlham Əliyev nəyin qorxusunu yaşayır görəsən? Onun üzündəki çaşqınlıq, gözlərindəki qorxu nəyin əlamətdir, sizcə? Prezident öz ölkəsinin jurnalistləri ilə açıq danışmaqdan niyə çəkinir axı?
O xarici medianın da gözünə görünməkdən qorxur
İllər öncə xarici nümayəndəlikdə çalışan dostlarımızdan biri danışmışdı. İlham Əliyev səfər edəcəyi ölkənin nümayəndəlikləri ilə mətbuat məsələsini ayrıca razılaşdırır. Həmin nümayəndəliyə təqdim olunan proqramın xüsusi şərtləri olur: açıq görüşlərə provokativ, çaşdırıcı, “qərəzli” sual verənlər buraxılmamalı və ya bir bəhanə ilə onların çıxışının qarşısı alınmalıdır. Dostumuzun sözlərinə görə, Əliyevin şərtlər siyahısında hətta adı “qara dəftərə” salınmış bəzi məşhur jurnalistlərin adları da olub. Prezidentin mətbuatla, gerçəkdən, arası yoxdur. O, xüsusilə qərb jurnalistlərinin dilinə düşməkdən bərk qorxur. Səbəbini anlamaq da çətin deyil. Prezidentliyi atasından miras alan, ölkəni həbsxanaya çevirən, neft milyardlarını ailəsinin adına sənədləşdirən, adı dünyanın böyük korrupsiya qalmaqallarında keçən ölkə başçısı bir qərb jurnalistinin ona nə sual verəcəyini bilmirmi? Adam bilmirmi, bir avropalı jurnalist mütləq ona neft milyardlarını qızlarının adına necə sənədləşdirdiyi, o pulların ofşorlara necə köçürüldüyü haqda sual verəcək? Elə onun qaranlıq işlərini dünyaya faş edən, adı keçən bütün cinayətləri Malta qalmaqalına qədər gətirib çıxaran azad media olmadımı? Əlbəttə, İlham Əliyev boş yerə mətbuatdan qaçmır ki, onu açıq sözlü qələm sahibləri qarşısında gözükölgəli edən çox dərin səbəblər var.
Savaş açdığı azad mediaya uduzmuş prezident
16 ildən sonra Mirşahinlə həmsöhbət olan Əliyev nəyi sübut etmək istəyir, mətbuata açıq olduğunumu? Elə isə, qorxmadan bizimlə də söhbətə gəlsin. Gələrmi? Dünya dağılsa belə, gəlməz. Çünki o, burda özünü Mirşahinin və ya sifarişçi rus jurnalist dostlarının qarşısındakı kimi hiss edə bilməz. Çünki o burda güllədən betər suallarla necə dara çəkiləcəyini və necə çıxılmaz duruma düşə biləcəyini anlayır. Əliyev ona görə azad sözə və azad mətbuata nifrət edir. O, prezidentlik tarixi qaranlıq işlərlə dolu olan qorxaq bir siyasətçidir. Ölkədəki bütün azad mətbuatı da ona görə sıradan çıxarıb. Kimsə ondan danışmasın, meşşan qızlarının əyləncələrinə səpilən milyonlardan yazmasın, modabaz arvadının ölkənin xəzinəsini brend geyimlərinə, kosmetik əməliyyatlarına xərclədiyini dilinə gətirməsin. Amma istəyinə nail ola bilibmi? Cavabını özünüz bilirsiniz. Cavabı Maltada qətlə yetirilən araşdırmaçı jurnalist Defne Qaliziyanın bu günlər yekunlaşmaqda olan məhkəmə işində axtarmaq lazımdır. O işin içindən Əliyevlər ailəsinin çıxacağına artıq kimsənin şübhəsi yox.