Gərək arada ağsaqqal deputatlarımızın da sözünü qəribçiliyə salmayaq. Ölkə prezidenti kadr dəyişikliyi anonsunu verəndə, demişdilər axı, işgüzarlığın və bacarığın yaşa dəxli yoxdur. Bu uzun illərdə özləri ortaya faydalı bir iş qoymasalar da, sözlərində haqq var. Guya İlham Əliyevin son illərdə vəzifəyə təyin etdiyi cavan kadrlar ona başucalığı gətiriblər? Elə götürək prezidentin keçənilki sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə gətirilən Sahil Babayevi. Belə baxanda, 39 yaşlı Babayevin xeyli parlaq dosyesi var. BDU-da oxuyub, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. SOCAR-da Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin müdiri vəzifələrində çalışıb. Hasilatın Pay Bölgüsü haqqında sazişlərinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. Amma adamın iki ilə yaxın nazirlik fəaliyyətində ürəkaçan bir şey yox. Mətbuatda Babayevin nazir kimi fəaliyyəti ilk aylardan nazirliyə doldurduğu, təsadüfi, təcrübəsiz kadrlara görə tənqid olunmuşdu.
İlk vaxtlar onun köhnə, adı qaranlıq işlərə qarışan şəxsləri nazirlikdən uzaqlaşdırmaq niyyəti alqışlansa da, sonra onların yerinə doldurulan təsadüfi adamlar kəskin narazılıq doğurmuşdu. Gənc nazirin göstərişi əsasında saxta pensiyaçılara qarşı mübarizə zamanı da böyük qanunsuzluqlara yol verildiyi ortaya çıxmışdı. Mətbuata açıqlama verən xərçəng xəstələri nazirlik tərəfindən qanunsuz şəkildə sorğu-suala çəkildiklərini, hədələndiklərini bildirmişdilər. Ümumiyyətlə, Babayevin təqaüdçülərlə bağlı qoyulan ağır şərtlərə tərəfdar olması da, insanları ən çox narazı salan məsələlərdən olub. Yaxın aylarda fəaliyyətinin iki ili tamam olan nazir beləcə yoluna davam edir. Hara qədər davam edəcəyi də, yəqin ki, xalqa deyil, təyinatına qərar verənlərə xidmət dərəcəsindən asılı olacaq. Babayevi İlham Əliyevin kadrı hesab edənlər deyir ki, o, kadr seçimində vitse-prezident xanıma uduzur. Yəni xanım Əliyevanın seçdikləri daha peşəkar və bacarıqlıdır. Sadəlövh yanaşma deyilmi? Sahil Babayev o postda özbaşınamı təqaüd şərtlərinin ağırlaşdırılması təklifini irəli sürür? Gənc nazir ailələrə uşaqpulu verilməsi məsələsinə öz fikri əsasındamı qarşı çıxır? Mümkün deyil. Bu hakimiyyətin uşaqpulu üçün tələb olunan böyük vəsaiti xalqa vermək istəmədiyini hər kəs bilir.
Babayev burada, sadəcə, Əliyevlərin sözçüsü rolunu oynayır. Guya onun yerinə Mehriban Əliyevanın kadrı gəlsə, çıxıb “ailələrə uşaqpulu verilsin” deyəcəkdimi? Xeyr, şübhəsiz, indiki nazir də yuxarıdan aldığı təlimat əsasında danışır: “Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. Tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat edir. Uşaq pulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. ” Bəli, Əliyevlər xalq üçün ayrılan bütün vəsaitləri hökumətin çiyninə yük sayır və öz milyardlıq ehtiyaclarını da onlardan çıxarmağa çalışır. Hansı ki, ölkədə uşaqpulu vermək üçün bir çox uyğun mexanizmlərin olduğunu tanınmış iqtisadçılar dəfələrlə vurğulayıb. Ortada, sadəcə, xalqa pul xərcləməmək bəhanəsi var. Bir sözlə, bütün təlimatlara fəaliyyətində nöqtəbənöqtə əməl edən Babayev tam da bu hakimiyyətə yaraşan nazirdir. Uğursuz hakimiyyətin uğursuz naziri.