Bizim dildə ziyafət sözünün qarşılığı qonaqlıqdır. Ancaq rəsmi dildə həmişə ziyafət sözü işlədilir. Məsələn, Azərbaycana gələn filan prezidentin, ya filan fəxri qonağın şərəfinə ziyafət verilib. Guya qonaqlıq deyilsə, yazılsa, bu yemək-içmək dəyərdən düşəcək, qonaq inciyəcək, yeməyə dilin vurmayacaq. Ancaq dərd ondadır ki, təkcə bu deyil, ümumiyyətlə, rəsmi dilimizdə problemlər çoxdur, elə rəsmi şəxslərimizdə olduğu kimi.
Müxtəlif çağlarda rəsmi şəxslərin dilindən tutduğu posta uyğun olmayan açıqlamalar eşitmişik. Artur Rəsizadə, Abid Şərifov, Əli Həsənovlar, Hacıbala Abutalıbov, Bayram Səfərov və saymaqla bitməyən başqaları. Bu açıqlamaların bəzisi normal ölkələrdə istefayla nəticələnə bilərdi, ancaq bizim ölkədə istefa mədəniyyəti olmadığından hər kəs öz postundadır. O sözlər uzun illərdir yaddaşlardan silinmir. “Xiyar”, ”Alabala”, “Azərbaycanda bir kişi var”, “Ermənilər Qarabağa ya bir, ya da para təyyarə uçurda bilər” və s. Həmin adamlar hələ də postdadır və istədikləri vaxt yenə də bu tipli açıqlamadan verə bilərlər. Verirlər də. Ziyafət Əsgərov kimi. Tanıdız yəqin, deputat, müəllim adı daşıyan adam.
Parlamentin vitse-spikeri sayılan Z.Əsgərov nümayəndəlik institutunun ləğvi ilə bağlı qanun layihəsi qəbul edilən iclasda “mən burda siyasi müzakirə açılmasına imkan verməyəcəyəm, bu qanun layihəsi bizə göndərilib və biz onu dərhal qəbul etməliyik” deyərək müzakirəni kəsib. Belələrinin parlamentə oturdulduğu ölkədə yaşayırıq. Həm də onun hökm etdiklərinin mandat verildiyi ölkədə. Sən demə, parlament bazar arvadlarının yeri imiş, orda siyasi müzakirə aparmaq yox, qeybətlə məşğul olmaq gərəkdir…
O sözdən sonra, əslində, zal boşalmalıydı, hardansa göndərilən qanun layihəsinin müzakirəsiz qəbul olunması cəhdinə etiraz olaraq deputatlar sayılmadıqları, adam yerinə qoyulmadıqları məclisdən getməliydilər. Ancaq onlar da mandatı elə Ziyafət Əsgərov kimi aldıqlarından, sahibləri qarşısında başıaşağı, gözükölgəli olduqlarından susublar. Hadı Rəcəbli, Arif Rəhimzadə, Bahar Muradova, Zahid Oruc, Elman Nəsirov, Çingiz Qənizadə… hansı etiraz edəsidi ki?! Onlar və yanlarındakılar elə susmağa görə parlamentdə oturdulublar…
…Adam hakimiyyətin müstəqil qollarından birinin təmsilçisidir, Allah qoymasa, guya seçki yoluyla bu yerə gəlib çıxıb, ali qurumda xalqın nümayəndəsidir. Müxtəlif elmi adları da mənimsəyib, hüquq təhsili var, Bakı Dövlət Universitetində dərs deyir, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edir. Ancaq tutduğu postun müstəqil olduğundan, kiminsə diktəsiylə işləməli olmadığından, göndərilən qanun layihələrini ciddi müzakirə etmək, lazım gələrsə, geri qaytarmaq səlahiyyəti olduğundan xəbərsizdir. Adam özünü 100 illik parlament tarixi olan ölkənin ali qurumunun ikinci şəxsi kimi yox, məzlum yapçı kimi aparır; özündən yuxarıdakılar qarşısında. Özündən aşağılarasa hökm edir, sanki evində, çoxsaylı obyektlərindən birindədir: “mən burda siyasi müzakirə açılmasına imkan verməyəcəyəm”. Elə bil şəxsi dükanına müxalifətçi müştərilər gəlib, onların ölkədə baş verənlərlə bağlı dedikləri bunun xoşuna gəlmir, o da öz obyektində bu tipli müzakirələrə etiraz edir.
Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi keçiriləcək. Yuxarıda deyilənlər, yazılanlar da 100 il qabaq parlament ənənəsi olan ölkədə baş verir…
Oxunub: 686