Dünən gecə Batumi şəhərindəki “Leogrand” hotelində baş verən yanğında 11 nəfər ölüb. Gürcüstanın Daxili İşlər Nazirliyi bu gün səhər rəsmi məlumat yayıb. Bundan qabaq DİN 12 nəfərin öldüyünü bildirmişdi. Yanğından xəsarət alanlar şəhər xəstəxanalarına yerləşdirilib. “21 nəfər Batuminin müxtəlif xəstəxanalarına yerləşdirilib, onlardan 3 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, qalan 18 nəfər müalicəni davam etdirir” deyə şəhər səhiyyə idarəsindən bildirilib.
Yayılan xəbərlərə görə, xəstəxanalara yerləşdirilənlər arasında 5 Türkiyə, İsrail və Gürcüstanın 12 vətəndaşı var. Hökumət mənbələrinin verdiyi məlumata görə, “Şərq Tərəfdaşlığı” sammiti bitəndən sonra vətənə qayıdarkən yanğın xəbərini alan baş nazir Georgi Kvirikaşvili marşrutu dəyişib və onun təyyarəsi Tbilisiyə yox, Batumiyə enib.
Baş nazir vəziyyətlə tanış olub, yerli hökumət nümayəndələri ilə müzakirələr aparıb. O, hadisənin ciddi şəkildə araşdırılacağını və günahkarların cəzalandırılacağını bildirib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili insan ölümünə səbəb olan hadisəni böyük faciə adlandırıb. O, həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib yaralılara tezliklə sağalmalarını arzulayıb. Eyni zamanda öz həyatlarını riskə ataraq insanları xilas edən yanğınsöndürənlərə təşəkkürlərini çatdırıb.
azadliq.info
Oxunub: 224