“Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi uzaq Niderlanddan salamlayıram. Vətənimiz Azərbaycanda Sizin normal cəmiyyət quruculuq uğrunda cabalarınızı dəstəkləyir və bu yolda Sizlərə uğurlar arzu edirəm.
Təxminən 5-6 dəqiqə vaxtınızı alacağam. Bu vaxt ərzində Niderland hüquq sistemində Nümayəndəlik və Vəkillik institutları haqqında Sizə qısa praktik məlumat vermək istəyirəm.
Nümayəndəlik institutu müasir demokratik cəmiyyətlərin əsas elementlərindən birirdir. Hətta demokratiyanın özünün formalarından biri “nümayəndəli demokratiya” adlanır. Nümayəndəlik başqa sözlə təmsilçilik deməkdir. Müasir cəmiyyətləri, istər siyasi, istərsə də iqtisadi sferada, təmsilçilik olmadan təsəvvür etmək çətindir. Nümayəndəliyin geniş spekteri mövcüddür. Dövlətdaxili hüquqda onun aşağıdakı təzahür formaları vardır: prezident, deputat, bələdiyyə başkanı, fərdi təmsilçilər və onun ixtisaslaşmış forması olan vəkillər.
Niderland hüququ struktur baxımından Azərbaycan hüququ kimi kontenental – qitə hüquq sistemin prinsipləri əsasında qurulub. Burada hüququn bütün sahələrində təmsilçiliyə geniş yer verilir. Biz daha çox məhkəmədə nümayəndənin statusu haqqında danışarıq.
Niderlandda məhkəmə prosesində nümayəndə hansı həcmdə iştirak edə bilər?
Bu prosesin növündən və məhkəmə işin predmetindən asılı olan məsələdir. Niderland məhkəmə icraatında 3 növ proses fərqləndirilir: 1) mülki; 2) inzibati; 3) cinayət.
İnzibati prosesdən başlayaq, yəni hökümət və onun orqanlarına qarşı qaldırılan iddialardan. Belə işlərdə tərəflər nümayəndələri vasitəsilə təmsil olunur. İlk instansiyadan tutmuş son instansiyaya qədər bütün inzibati işlər üzrə məhkəmələrdə nümayəndənin iştirakı mümkündür. Yəni bu zaman heç bir instansiyada nümayəndənin mütləq vəkil olması tələbi yoxdur.
Mülki prosesdə mübahisə predmeti 25 min avroyə qədər olan işlərdə, kredit mübahisələrində isə mübahisə predmeti 40 min avroya qədər olan işlərdə nümayəndənin mütləq vəkil olması tələbi yoxdur. Yəni bu növ işləri nümayəndələr vasitəsilə aparmaq mümkündür. Söhbət birinci instansiyadan gedir. Yuxarı instansiyalarda isə vəkilin iştirakı vacibdir.
Cinayət prosesində isə təqsirləndirilən şəxs prosesdə vəkillə iştirak etmək hüququ var. Burada artıq müadiəçi vəkil olmalıdır. Amma böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə işlərdə təqsirləndirilən şəxs təmsilçiliyi öz nümayəndəsinə tapşıra bilər. Cinayət prosesində zərərçəkən istədiyi şəxsi özünə məhkəmədə təmsilçilik üçün müəyyən edə bilər.
Niderlandda vəkil olmaq proseduru necədir?
Sizlər üçün maraqlı ola biləcəyini düşünərək bir neçə cümlə də Niderlandda vəkil olmaq proseduru haqqında demək istəyirəm.
Vəkil olmaq üçün ilk növbədə hüquqşünaslıq üzrə həm bakalavr, həm də magistır diplomlarına malik olmaq lazımdır. Bundan sonra ölkədə fəaliyyət göstərən vəkil kantorların birində stajçı kimi fəaliyyətə başlaya bilərsən. Eyni vaxtda, yəni paralel olaraq Vəkillik peşəsi üzrə təhsil almağa başlamalısan. Bununla bağlı ölkədə ayrıca Vəkillik Peşə İnstitutu fəaliyyət göstərir. Təhsil və staj müddəti 3 ildir. Staj müddətində şəxs əmək haqqı alır. Təhsili başa vurduqdan sonra isə şəxs tamhüquqlu vəkil hesab edilir.
Niderlandda 5.291 vəkil kontoru fəaliyyət göstərir. Burada 18 minə qədər vəkil çalışır. Vəkillərin 43 faizi qadınlardır.
Xatırladım ki, Niderlandın əhalisi 17 milyondan bir qədər artıqdır. Deməli, aşağı yuxarı hər min nəfərə bir vəkil düşür.
Azərbaycanda Nümayəndəlik institutuna niyə müharibə elan edilib?
Hesab edirəm ki, bu hökümətin hakimiyyətin digər iki qolu üzərində mütləq nəzrəti ələ keçirmək istəyi ilə bağlıdır. Hər bir cəmiyyətdə eybəcərliklər ya parlamentdə depatlarda, ya da məhkəmələrdə çəkişmə prinsipinin realizəsi nəticəsində müzakirəyə çıxarılır. Göründüyü kimi Azərbaycan parlamentində qərarlar yedkilliklə qəbul edilir. Ölkə parlamentində depatlar yığışdırılb. O, bir rəngdədir, daha doğrusu rəngsizdir. Bununla parlament icra hakimiyyətin əlavəsinə çevrilib. Eyni işi hakimiyyətin 3-cü qolu olan məhkəmə hakimiyyətinə qarşı da axıra qədər həyata keçirmək istəyirlər. Nümayəndəlik institutuna hücüm və paralel olaraq ipə-sapa yatmayan vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılması da məhz bununla bağlıdır. Məhkəmələrdə çəkişmə prinspinin axırına çıxmaqla cəmiyyətdə baş verən eybəcərliklərin müzakairəyə çıxarılmamasına nail olmaq və məhkəmə icraatlarını tam nəzarətdə saxlamaq. Baxın, məsələnin mahiyyəti məhz bundan ibarətdir.
Bir daha vaxt ayırdığınıza görə hamınıza təşəkkür edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm”.
Oxunub: 256