İqtisadçı Nemət Əliyev fb səhifəsində yaşayış minimumu ilə bağlı hökumətin xalqı aldatmaq siyasətindən yazıb:
Hökumət hesab edir ki, gələn il yaşayış minimumu 173 manat, ehtiyac meyarı 116 manat olmalıdır. Parlament binasına ötürülən bu rəqəmlərə hərə bir cür münasibət bildirsə də, doğrusu, o toplantıda bu göstəricilərlə bağlı normal qərarın qəbul ediləcəyini gözləmirəm.
Nə qədər olmalıdır yaşayış minimumu və ehtiyac meyarı?
Bu sualın cavabını bilmək üçün hökumətin tərtib edib hazırladığı o gərəksiz istehlak səbətinin içərisində hansı ərzaq və qeyri-ərzaq mallarının olmasına nəzər yetirməyə elə bir lüzum da qalmayıb artıq. Bunsuz da ötüşmək mümkündür.
Yaşayış minimumu 2014-cü ildə 125 manat olub. Bu ilə 155 manat təsdiq edilib. Deməli, ötən müddətdə bu məbləğ 24% (155 : 125 x 100) artıb. Lakin manat ötən müddətdə alıcılıq qabiliyyətini 220% və ya 2,2 dəfə (1,70 : 0,78 ≈ 2,2) itirib. Elə qiymətlər də eyni dərəcədə artıb. Hələ yalnız bu amilin təsiri hesabına yaşayış minimumunun bu ilki məbləği 2,2 dəfə artmalı və 275 manat səviyyəsində (125 x 2,2 = 275 manat) təsdiq olunmalıydı. Bu hesabla, ehtiyac meyarının məbləği də bu il 200 manat hesablanmalıydı (bu göstərici 2014-cü ildə 100 manat, bu il 116 manat təsdiq olunub). Yaşayış minimumunun və ehtiyac meyarının hazırkı səviyyəsi reallığa adekvat deyil. Qarşıdakı bir ildə qiymətlər daha da artacaq. Odur ki, hər iki göstəricinin gələn ilə səviyyəsi 270 və 200 manatdan yüksək olmalıdır.
Oxunub: 284