Daha 128 nəfərin yaralandığı hücumun İslam Dövləti ilə əlaqəli militantların təşkil etdiyi güman edilir
Cümə günü Misirin Sinay yarımadasının şimalında izdihamlı məsşidə edilən hücum zamanı ölənlərin sayı 305 nəfər təşkil edir. Misir rəsmiləri bildirir ki, 27 uşağın da öldürüldüyü hücumun militantlar tərəfindən təşkil olunduğu ehtimal edilir.
Dövlət prokurorunun ofisindən şənbə günü verilən məlumata görə, 25-30 ekstremist Bir Əl-Abed şəhərindəki Ravdah məsçidini hədəfə alıblar.
Bildirilənə görə, avtomobil ilə məsçidə yaxınlaşan militantlar partlayıcını quraşdırdıqdan sonra, içəri daxil olaraq, qaçmağa çalışan möminlərə atəş açmağa başlayıblar. Silahlılar eyni zamanda avtomobilləri yandıraraq binanın çıxışını bağlayıblar.
Şahidlər bildirirlər ki, militantlar yaralıları xəstəxanalara təxliyə etməyə çalışan təcili yardım əməkdaşlarına da atəş açırdılar. Dövlət xəbər agentliyinin verdiyi məlumata görə, hücum zamanı yaralananların sayı 128 nəfər təşkil edib.
Heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Lakin 2013-cü ildən etibarən regionda müxtəlif növ hücumlar İslam Dövləti ilə əlaqəli qruplar tərəfindən təşkil edilib.
Misir höküməti məsçidə edilən hücumdan sonra Sinay ərazisində terrorçuların hədəflərinə hava hücumu həyata keçirib.
Prezident Əbdel Fəttah Əl-Sissi hücum cəzasız qalmayacağına söz verib. Lakin prezident hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.
Oxunub: 142