Bütün yazı xəstəni xilas etmək üçün vuruşduq. Xərçəng hər gün onu ölümə bir az da yaxınlaşdırırdı. Əldən düşmüşdü, amma ümidini də üzmürdü. Həkimlər bir dərman dedi, Bakının bütün apteklərini ələk-vələk etdik, tapmadıq. Tapacağına söz verənlər də böyük qiymət deyirdi: bir həbi 50 manata təklif edirdilər. İkihəftəlik müalicə prosesinə 1400 manat xərc tələb olunurdu. Adam çox sarsılır. Sanki hamı xəstənin yaxınlarına pul kisəsi kimi yanaşır.
Dostlar ölkədən kənarda xeyli ucuz tapdı. Qalırdı dərmanın gəlib xəstəyə çatması. Nə zülm çəkdik! Dərmanı Türkiyədən Bakıya göndərmək tapıb almaqdan xeyli çətin oldu. Heç kim boynuna çəkmək istəmirdi…
O vaxt emosiyaların təsiri altında “bir qutu dərmanı gətirmək nədi ki, bunu da eləmək istəmirlər, bəs harda qaldı insanlıq?!”, — deyə düşünürdüm. Adamları qınayırdım. Üstündən aylar keçib, soyuq başla düşünəndə qınamıram. Başqa birinə yaxşılıq eləmək istədiyi halda, özü yamanlığa qurban gedənləri az görməmişik axı…
Biri var idi, Gürcüstana gedəndə qatarda kupe yoldaşı onu aldatmışdı. Qatarın yola düşməsinə az qalmış sərnişinlərdən birinə zəng gəlib, danışandan sonra kupe yoldaşına deyib ki, gedə bilməyəcək. Özünü elm adamı kimi təqdim edib, qutudakı 4-5 narı da göstərib, deyib ki, təcili bunları Tiflisdəki laboratoriyaya çatdırmaq lazımdı. Xahiş eləyib ki, onları aparsın. Adam da qutuya baxıb, görüb ki, həqiqətən nardır, razılaşıb. Sərhəddə qatardan düşəndə əməliyyatçılar onu qandallayıb aparıblar. Onda başa düşüb ki, inanıb gətirdiklərinin üzü nar, içi isə narkotik imiş…
Oturduğu yerdə işə düşən o adam il yarıma qədər həbsxanada qaldı. Ta o vaxta qədər ki, “nar göndərən alimi” tapıb həbs elədilər…
Bu hadisə təkcə bir adamın ömründən il yarım oğurlamadı, həm də o adamdakı güvəni, inamı birdəfəlik məhv elədi…
Öz aralarındakı güvən, etibar bir yana, adamlar heç hökumətə də inanmırlar. Çünki dövləti idarə eləyənlər də adamları az aldatmayıb. Vətəndaş ehtiyacı olan anlarda onu tənha qoyan hökumətə necə inansın axı?! Vətəndaş xəstələnir, hökumət “pulun yoxdursa, ayağını uzat, ölümünü gözlə” prinsipi ilə davranır. Uşaq evlərində böyüyənlərin 18 yaşı tamam olan kimi, qapını açıb, onları taleyin ümidinə buraxırlar. Nəticədə onların bir hissəsi işsizlik, evsizlik, səfalət üzündən bir müddət sonra həbsxanada sığınacaq tapmalı olur. Bir ilin içində iki dağıdıcı devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin qaytarılmasında problem yaşayan vətəndaşlara hökumətin münasibətini görmədikmi? Aylıq 150-200 manat pensiyanın ümidinə qalan insanların yox, əksəriyyəti məmur-oliqarxlara məxsus bankların tərəfində dayandı…
Bu ölkədə uşaq dünyaya gəlir, bütün məsuliyyət valideynin çiyinlərində. Sosial sektor iflic vəziyyətində. O uşağa təhsil vermək, sağlam böyütmək, iş tapmaq… Bu prosesdə ortada hökumət yoxdur.
“Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan”, — Xalq artisti Fuad Poladovun bu gün dediyi sözlərdir.
Bəlkə də, hər şey elə hökumətə güvənsizlikdən başlayır. İnsanların bir-birinə inamsızlığı da…
Son illərin statistikasına göz yetirsəniz, görərsiniz ki, dələduzluğa görə məsuliyyətə cəlb olunanların sayı nə qədər artıb. Dələduzluq adamların bir-birinin etibarından sui-istifadə edib, pulunu, əmlakını əlindən almasıdır. Ziyan çəkənlərin bir çoxu da işə düzəlmək üçün pul verib aldananlar olur. Bir neçə ay öncə dələduzluğa görə həbs olunan biri bilirsinizmi işə düzəltmək adı ilə kimi aldatmışdı? Paytaxtın polis idarələrindən birində müstəntiq işləyən şəxsin ailəsini. Müstəntiqin xanımını xəstəxanaya həkim düzəltməkdən ötrü 25 min pul almışdı. Bəlkə də həmin müstəntiq rüşvət alma, rüşvət vermə ilə bağlı nə qədər cinayət işinin istintaqını aparıb…
Aldanan vətəndaşlara qınaqlar da az olmur. Yaddan çıxarmaq olmaz ki, bir çox hallarda adamların davranışını düşdükləri situasiya şərtləndirir.
Azərbaycanda çox az istisnalarla, kimi danışdırsan, Amerikada, Avropada yaşamaq istəyir. Bununla belə, bizdə Qərb adamlarına münasibət birmənalı deyil, onları “soyuq” sayırıq. Doğrudur, orada adamlar ictimai nəqliyyatda bir-birinə yer verməzlər. Amma elə həmin nəqliyyatda da baxmayaraq ki, başlarının üstündə xüsusi nəzarət edən yoxdur, yenə də gediş haqqını ödəyərlər. Dövlət bu cür məsələlərdə vətəndaşına sərbəstlik verir, amma tam nəzarətsiz də qoymur. Avtobusda, tramvayda ara-sıra yoxlamalar olur, sərnişinlərin kartdan istifadə edib-etmədiyini müəyyənləşdirir. Təbii ki, qaydanı pozanlar cərimələnir. Başqa sözlə, vətəndaşa inandığı kimi, onun bu inamdan sui-istifadəsinə də imkan vermir.
Bir filmdə görmüşdüm, uşağın ayağı yer, dili söz tutan kimi valideyn ona ancaq dürüst olmağı öyrətməyə çalışır. Deyir, gələcəkdə dürüst olmayan birinin mədəni, elmli olmasının bir faydası olmaz, bunun ziyanını valideyn olaraq, biz də çəkə bilərik.
Yəqin ki, biz də cəmiyyət olaraq, buna görə itiririk. Nəinki ətrafımıza, heç özümüzə, gördüyümüz işə münasibətdə də dürüst ola bilmirik. Aldadırıq, aldanırıq…
Yenidən aldanmamaq üçün inanmırıq — xəstələrə göndərilən dərmanları da aparmırıq…
Oxunub: 368