Yaxud, Azad Rəhimovun “zibilə düşmüşük” etirafı
Azərbaycan cəmiyyətində birmənalı mövqe bundan ibarətdir ki, ölkədə keçirilən beynəlxalq tədbirlər büdcəni qurutmağa, bəzi adamların ciblərini isə sulandırmağa xidmət edir. Yəni, gecə-gündüz inkişafın görüntüsü kimi təqdim edilən yarışların, əslində tənəzzülə xidmət etdiyi aydın görünür. Məsələn, şəhərdə sorğu aparsaq görərik ki, əhali Avropa Oyunlarının ölkəyə vurduğu zərərdən xəbərdardı və bu tədbiri təəssüflə xatırlayır. Çünki, milyonlarla insanın boğazından kəsib, mənasız bir tədbirə caladılar. Avropa demokratiyasından vətəndaşı uzaq salanlar, Avropa oyunlarına yaxın etmək qərar verdilər və Avropa liderləri də bu yarışı boykot etdi. nəticədə nə ölkənin imici yüksəldi, nə də büdcənin boyu yekəldi.
Amma bizim “səxavətli” hökumətimiz heç vaxt yanlılardan dərs çıxarmır. Yanlışlar cibləri doldurmağa vasitədirsə, xalqın cibinin boşalması qətiyyən önəm daşımır. Bu mənada “Formula-1” yarışları da növbəti daş olub, başımıza düşüb. Almaniya, İngilətərə kimi ölkələr bu yarışın maliyyə itkilərinə səbəb olduğunu əsas gətirərək rəsmən imtina ediblər. Azərbyacna hökuməti isə bütün yeyəsiz yarışlara sahib çıxmağı özünə borc bilir. Vətəndaş sahibsiz qaldığı üçün dünyanın müxtəlif paytaxtlarında sığınacaq alır, hökumət isə dünyanın müxtəlif yerlərdən gələn idmançılara milyonlar xərcləyir.
Amma bugünlərdə rəmən etiraf olundu ki, “Formula-1” yarışlarının şərtləri Azərbyacanın zərərinə işləyir. Gənclər və İdman naziri Azad Rəhimov mövcud müqavilənin şərtlərinin qəbuledilməz olduğunu bildirib: “Grand Prix-dən üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb uzatmamaq barədə qərarımızı bildirməliyik. Hamı anlayır ki, mövcud kontrakt qəbuledilməzdir. Məncə, Formula 1-in yeni rəhbərliyi də bunu anlayır. Bir sıra kommersiya şərtləri, sponsorluq haqları, ödədiyimiz qiymətdən danışırıq. Amma fikrimcə, həm özümüz, həm də Formula 1 rəhbərliyi yarışmanın burada keçirilməsini istəyirik”.
Göründüyü kimi, nazir mövcud şərtlərin ağır olduğunu və bilərəkdən bu şərtlərin qəbul edildiyini söyləyir. Çünki, bu yarışlara görə xeyli itikinti işləri həyata keçirildi, xeyli avadanlıqlar alındı, otellər doldu və.s Təbii ki, bu tikintini həyata keçirən şirkətlər, bu avdanlıqları ölkəyə gətirənlər, bu otellərə sahib olanlar bəlli şəxslərdi. Yəni, büdcə boşalsa da, ciblərə külli miqdarda pullar doldu. İlkin mərhələdə şəxsi maraqlar önə çıxdı və arzular təmin edildi. İndi kəməri bərkitdikdən sonra köhnə müqavilənin şərtlərindən narazılıq edirlər. Əgər şərtlər dəyişsə 2025- ci ilə qədər müqavilə uzadıla da bilər. İzahı budur ki, “şərtləri yumşaldın, biz də 2025-ci ilə qədər həzm prosesini davam etdirək”.
Bütün başverənlərdən aydın görünən budur ki, hökumət vətəndaşı saymır, ölkədə heç bir hesabatlılıq yoxdur və Azərbaycan bir neçə şəxsin obyekti kimi işlədilir. Nə zərərə, nə xeyirə görə vətəndaşı nəzərə alan yoxdur. Bir qrup adam büdcənin başına kəndir salıb, istədiyi rəqsi oynadır.
Biz bu yarışların, bu şərtlərin ölkəyə mənfəət gətirmədiyini söyləyəndə, buna etiraz bildirəndə adımızı “ermənipərəst”, “vətən xaini” qoydular. İndi isə Azad Rəhimov mədəni şəkildə deyir ki, zibilə düşmüşük, bu şərtlər qəbuledilməzdir və.s
Bir sözlə, tənəzzülün bir forması da “Formula-1” yarışları oldu. Büdcənin boşalma sürəti, “Formula-1” avtomobillərinin sürətindən böyük olub.
İlham
Oxunub: 522