Elnur Sadıqov
Əli Kərimlinin rəqiblərinin ona qarşı istifadə etdikləri arqumentlərdən biri də onun 19 il partiya sədri olmasıdır: “getsin yerini gənclərə versin” deyə ittihamlar səsləndirilir. Görünür onun rəqibləri liderliyi müdirliklə eyniləşdirirlər. Liderliyin tələb olunduğu mühitdə müdir-işçi münasibətləri olmur. Lider və ardıcıllar olur. Liderlik təyinatla yox, seçimlə əldə edilir. Müdirlik isə təyinatla olur və amirliyə söykənir. Müdir işçi münasibətlərində işçinin müdirdən inzibati asılılığı var. Tabelilik və tabesizlik müvafiq olaraq gözlə görülə bilən mükafatlandırma və cəzalandırmayla nəticələnir. Bu fərqlərə diqqət etmək lazımdır. Əli Kərimlini lider edən şərtlər var.
Liderlik üzrə fundamental tədqiqatlar aparmış amerikalı psixoloq Warren Bennis liderliklə müdirlik arasındakı fərqləri aydın təsvir edir:
•Müdir idarə edir; lider yeniliklər edir.
•Müdir qoruyur; lider inkişaf etdirir.
•Müdir nəzarət edir; lider ruhlandırır.
•Müdir yaxıngörəndir; lider uzaqgörən.
•Müdir necə və nə vaxt; lider nə və niyə suallarına cavab axtarır.
•Müdir təqlidçidir; lider qurucu.
•Müdir status kvonu qəbul edir; lider status kvoya meydan oxuyur.
W. Bennisin liderliklə müdirliyin arasında cızdığı sərhədlər liderliyin ontologiyasını dərk etməkdə bizə yardımçı olur.
Beləliklə, liderlik yeniliklər etmək, inkişaf etdirmək, ruhlandırmaq, uzağı görmək, hadisələrin səbəbini və mahiyyətini bilmək, quruculuq, meydan oxumaq və təsiretmə bacarığıdır. Təsiretmə qabiliyyəti olmayan şəxsin liderlik şansı azdır. Təsiretmə bacarığı yoxdursa ardıcıllar yaranmır. Başqa sözlə, təsiretmə qabiliyətinin itirilməsi liderliyin sona çatmasıyla nəticələnir. İstefa tələbləri bu məqamda eşidilir.
Bu gün Azərbaycanda inzibati – amirlik alətləri tətbiq etmədən ən çox insana təsir edən lider Əli Kərimlidir. Əks arqument kimi İlham Əliyevin rəhbəri olduğu 700 minlik YAP göstərilə bilər. Amma Əliyevin özü 2005 – ci ildə Milli Ensiklopediyanın RH- nin iclasında dolayısıyla etiraf etmişdi ki, ona tutduğu dövlət vəzifəsinə görə hörmət edilir. Əli Kərimlinin liderliyini şərtləndirən birinci amil onun daha çox insana təsiretmə qabiliyyətidir.
Təsiretmə qabiliyyətinə sahib ola bilmək üçün liderə 1) dəyərlər və amallar; 2) şəxsi keyfiyyətlər və seçim; 3) zəka; 4) təcrübə; 5) bilik; 6) qabiliyyət və bacarıq lazımdır. Bu keyfiyyətlərin sahibi və daşıyıcısı olan şəxs yuxarıdakı vəzifələrin öhdəsindən uğurla gəlir.
Əli Kərimlinin söykəndiyi dəyərlər (cəsarət, yardımsevərlik, səmimiyyət, təxəyyülə malik olma, məntiqi düşünmə, məsuliyyətlilik), qarşısına qoyduğu məqsədlər (azad və firəvan Azərbaycan), şəxsi keyfiyyətləri (şəraitə hakim olma qabiliyyəti, ünsiyyətçillik, empatiya hiss etmə, dostcasına yanaşma, təşkilatçılıq, etibarlılıq, şəraitə uyğunlaşma, nəticə əldə etməyə meylli olmaq, sabitqədəmlik, özünü olduğu kimi qəbullanma), etdiyi seçimlər (partiya vəzifəsinə görə müstəntiq vəzifəsindən imtina, deputatlıqdan prinsipial mübarizə naminə imtina və s), zəkiliyi (şəraiti doğru qiymətləndirmək), oxuduqları və təcrübəylə öyrəndiklərini fərqli şəraitlərə tətbiq etmə bacarıqları ona liderlik missiyasını uğurla həyata keçirmə imkanı verir. Bu Əli Kərimlinin liderliyini şərtləndirən ikinci amildir.
Nəticə olaraq deyə bilərik ki, Əli Kərimlinin liderliyi təsadüflərə, başqalarının istəyinə yaxud subyektiv mülahizələrə bağlı deyil. Onun arxasında konkret zəhmətlə əldə edilən insani keyfiyyətlər durur.
P.S Bu gün Əli Kərimlinin yubileyidir. Əli bəyi təbrik edirəm.