Aprel şəhidlərini unutmuş hökümətin yarıtmaz siyasətin manat qətli
Ölkədə vəziyyət getdikcə kəskinləşir. Neftin qiymətinin sürətlə ucuzlaşması, qeyri-neft sektorunun şikəst vəziyyətdə olması, hakimiyyətdə təmsil olunanların talançı təfəkkürü, rejimin antixalq addımları bu vəziyyəti daha da acınacaqlı vəziyyətə salır.Hakimiyyət bu qədər yarıtmazlığı dünyadakı böhranla, böyük dövlətlərin neft siyasətiylə əsaslandırıb, məsuliyyəti üzərindən atmaq istəyir. Amma artıq bu yalanlarla xalqı aldatmaq mümkün deyil. Xalq Əliyev hakimiyyətinin mənəvi deqradasiyasının, dəyərlərdən uzaq olmasını əyani görür. Əvvəla, neftin qiyməti 149 dollar olanda da vətəndaşa dilənçi payı təklif olunub, yüz minlərlə ailə Rusiyadan gələn vəsaitin hesabına dolanıb, yüzlərlə insan intihar həddinə çatıb, minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qalıb, milyonlarla insan məmur banklarından asılı vəziyyətə salınıb.
Yəni, ölkəyə neft milyardları axanda da kasıb və düşmən Ermənistan öz vətəndaşına daha çox maaş, uşaq pulu, təqaüd verib. Azərbaycan hökuməti isə dövlətin milyardlarını ofşorlara daşıyıb, hakom ailə başda olmaqla, bütün məmurlar milyarderə çevrilib. Faktiki olaraq YAP hakimiyyəti ölkənin ən şanslı dövründən şəxsi varlanmaq üçün yararlandı.İkincisi isə Azərbaycan xalqı Əliyev hakimiyyətinin mahiyyətini koronavirus dövründə gördü. Dövlətin 50 milyard dollar rezervi olduğu halda, yalnız 600 min vətəndaşa 190 manat təklif olundu. Yəni, vətəndaş böhranla üz-üzə qoyuldu. Koronavirus fonduna küllü miqdarda pil yığıldı və mənimsənildi. Bu azmış kimi on minlərlə insan cərimələndi, qiymətlər artırıldı, vətəndaşa heç bir güzəşt edilmədi. Yəni, ən faciəli dönəmdə də Əliyev hakimiyyəti vətəndaşın cibinə girdi, xalqın ah-naləsinə səssiz qaldı.Ona görə də xalqa “biz sizi sevirik”, “humanistik” mesajları göndərmək ikrahla qarşılanır.
Xalq görür ki, Macarıstandan, Albaniyaya qədər hər yerə yardım paketi göndərən hökumət, vətəndaşa yavan çörəyi də pulsuz vermədi.Demək istəyirik ki, ölkənin bu vəziyyətə düşməsi qlobal böhranın deyil, Əliyevlər böhranının nəticəsidir. Əgər vaxtında qeyri-neft sektoru inkişaf etdirilsəydi, iqtisadiyyat şaxələndirilsəydi, neft milyardları səmərəli istifadə edilsəydi, ölkə demokratik idarəçilik cığırına salınsaydı, bu gün bu qədər təhdidlərlə üz-üzə qalmazdıq.
AzTv-lərin yalan təbliğatı, hökumət sözçülərinin “hər şey yaxşıdır” şüarı reallığı dəyişmir. Görünən budur ki, post koronavirus dövründə sosial-iqtisadi böhran ölkəni bürüyəcək. Növbəti devalvasiya qapının ağzındadı. Deməli, manat yenə də “koma”ya düşəcək. Beləliklə, Əliyevin yarıtmaz idarəçiliyi qarşıda işsizliyi, bahalaşmanı zərurətə çevirəcək. Mərkəzi bankın “manat nəzarətdədi” bəyanatı nağıldı. Bu hakimiuyyətin heç vaxt manatla bağlı siyasəti olmayıb. Neft milyardlarından xərcləyərək, manatı diri tutmağa çalışıblar. Məqsəd bu olub ki, “İlham Əliyevin uğurlu siyasəti nəticəsində manat dollardan bahadır” reallığı ölkəyə hakim olsun.
Amma ilk devalvasiya da göstərdi ki, manat süni nəfəs aparatına qoşulubmuş. İndi manat daha ağır sınaq qarşısındadır və hökumətin heç bir çevik planı yoxdur. Bunun üçün siyasi iradə də yoxdur. Əliyevin yalan üzərində qurulmuş, imitasiya siyasəti növbəti dəfə manatı qətlə yetirəcək.Artıq devalvasiya manatın taleyinə çevrilib. Bu hakimiyyət “demokratiya hökuməti” ola bilmədi, amma “devalvasiya hökuməti” olmağı bacardı. Əslində bu hakimiyyət mənəvi baxımdan da devalvasiyaya məruz qalıb və bütün fəlakətlərimiz də bu mənəvi devalvasiyadan qaynaqlanır.Ən pisi isə budur ki, daha yaxşı vaxtlarda xalqı devalvasiya fəlakətiylə üz-üzə qoyan rejim, indiki çətin vəziyyətdə xalqıtamam sahibsiz qoyacaq. Bütün fəaliyyətlər ailə banklarının, ailə biznesinin mənfəətinə hesablanacaq.