Dadaş Sadıqlı
Bütün yaxşı işlərin, nailiyyətlərin arxasında dayanan bir şey var – iradə. Amerika müstəmləkəçiliyin ayaqları altında, vətəndaş müharibəsində boydan-boya yananda Corc Vaşinqton gəldi. Müstəmləkəçiliyə qarşı vuruşdu, “söz Amerikalılarındır” dedi. Ən öndə savaşdı və müstəqil Amerikanı qurdu.
Eləcə də, Bismark, ağıllı siyasəti ilə parça-parça olmuş bütün almanları bir dövlət kimi birləşdirə bildi.
Yalnış və doğru qərarları ilə siyasətin zirvəsinə çıxıb, ordan aşağı enib, yenə ölkəsinin dar günündə ipləri ələ alacaq bir iradə – Çörçil.
“Geciktirilmiş haqq, inkar edilmiş haqdır” deyən, “Bir xəyalım var” deyib yola çıxan, aparteid münasibətə qarşı savaşan və bu xəyalları uğrunda canından olan Martin Luther King.
Eynilə Nelson Mandela, ömrünün 27 ilini, onun da 18 ilini biradamlıq kamerada olmaqla inandığı yol uğrunda həbsdə qaldı və sonunda istədiyi dövləti qura bildi.
Siyahını çox uzatmaq olar, tarixə müsbət mənada toxunan, onun yönünü dəyişən şəxsiyyətlər çoxdur. Amma hamısını birləşdirən bir xüsusiyyətləri var, iradəli olmaqları.
Azərbaycan siyasi arenasında iradə və dözüm deyildikdə mənim yadıma düşən ilk ad Əli Kərimlidir. Ona görə yox ki, o hakimiyyətin hər cür təqib və təzyiqinə sinə gərir. Əli Kərimli mübarizəsini aparmaq üçün vasitələr axtaran liderdir. Bu gün 55 yaşı tamam olan Əli bəy, öz üzərində 25 yaşlı gənc kimi işləyir. Texnologiyanı, sosial şəbəkələrlə işləməyi əksər gənclərdən daha yaxşı bilir. Hakimiyyət qərargahını, pasportunu əlindən ala bilər, qohumlarını, mübarizə yoldaşlarını həbs edə bilər, özünü həbs edib, ölüm həddinə qədər işgəncə verə bilər, amma tutduğu yoldan döndərə bilməz Əli Kərimlini. Bütün bunların öhdəsindən gəlmək üçün iradə lazımdır. Bir gün layiq olduğunuz yerdə olmanız və arzuladığınız Azərbaycanı qurmanız diləyi ilə, təbriklər, BƏY!