Elnur Astanbəyli
Aprelin 28-də Azərbaycanda bolşevik işğalının 100-cü ildönümüdür. Bu münasibətlə bir neçə yazı qələmə almağı doğru saydım. Həmin silsilədən üçüncü məqaləni AzLogos oxucularına təqdim edirəm.
1-ci epizod
27 aprel 1920-ci il.
Axşam saatları.
Tamamilə bolşeviklərin nəzarətinə keçmiş Xəzər hərbi donanmasının topları Bakıya, Azərbaycan Cümhuriyyəti parlamentinə tuşlanıb.
Donanma komandanı Çingiz İldırım parlamentə göndərdiyi ultimatiumda iki saat ərzində hakimiyyətin bolşeviklərə ötürülməsini tələb edir, əks halda məclis binasını parlamanların başına yıxacağı ilə hədələyirdi.
Ona Azərbaycanın dəniz sərhədlərini qorumağı Cümhuriyyət hökuməti etibar etmiş, ancaq bir müddət sonra Ç.İldırım bolşeviklərlə işbirliyini üstün tutmuş, beləliklə, demokratik respublikanın devrilməsində həlledici rollardan birini oynamışdı.
Bunun “mükafatını” isə 1938-ci ildə elə bolşeviklər tərəfindən güllələnməklə almışdı.
2-ci epizod
27 aprel, 1920-ci il.
Saat 20.45.
Azərbaycan Cümhuriyyət Parlamenti sayca 145-ci, eyni zamanda sonuncu dəfə toplanır. Parlament sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığı üçün fövqəladə iclasa onun mavini Məhəmməd Yusif Cəfərov sədrlik edir, katib isə Rza bəy Qaraşarlıdır.
Cümhuriyyət hökumətlərində yüksək post tutan, öncə Sənaye və Ticarət, ardınca da Xarici İşlər naziri vəzifələrini tutan M.Y.Cəfərov Cümhuriyyətin süqutundan sonra pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışacaq, “qırmızı terror” günlərində, 1938‐ci il mayın 15‐də cəmi 53 yaşında Bakıda vəfat edəcəkdi.
Rza bəy Qaraşarlı isə sonralar Bakı şəhər baş milis şöbəsinin rəis müavini işləyəcək, ancaq bolşevik repressiyasından sağ qurtula bilməyəcəkdi.
3-cü epizod
Məhəmməd Yusif Cəfərov tarixi bir məsələnin müzakirəsi üçün toplaşdıqlarını deyib öncə iclasın açıq, yoxsa qapalı keçirilməsi barədə parlamanların fikrini soruşur.
Bu zaman Məhəmməd Əmin Rəsulzadə söz alır, həqiqətən də tarixi qərar çıxaracaqlarını deyib əlavə edir ki, iclas açıq keçirilməlidir, çünki yalnız belədə hər kəs vəziyyətin nə qədər təhlükəli olduğunu görə bilər. Rəsulzadə hesab edir ki, hamının sonda veriləcək qərarın necə çıxarıldığını öyrənmək haqqı var, ona görə də məclisin qapıları millətin üzünə bağlanmamalıdır.
Həmin vaxt arxa sıralardan hıçqırıq səsləri eşidilir, ağlayan Cümhuriyyətin bolşeviklərə təhvil verilməsini qətiyyən istəməyən, sonralar isə Rəsulzadə ilə aralarında dərin ixtilaflar meydana gələn, bir-birlərinə qarşı sərt ittihamlarla dolu yazılar qələmə alan Şəfi bəy Rüstəmbəyli idi…
4-cü epizod
Səs çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alınır, bunun ardınca Məhəmməd Həsən Hacınski Azərbaycan kommunistlərinin tələblərini səsləndirir. Başlıca tələb Cümhuriyyət hökumətinin bütün səlahiyyətlərini yerli kommunist firqəsinə təhvil verməsidir. Bu tələb qəbul edildiyi təqdirdə Qırmızı Ordunun Bakıya gəlməyəcəyi, hökumətin başındakılar istisna olmaqla, digər məmurların yerlərində saxlanılacağı, hökumət üzvlərinə, ümumiyyətlə, Cümhuriyyətçilərə qarşı heç bir tədbir görülməyəcəyi vəd olunur.
Hansı ki sonradan bu və digər vədlərin hamısı elə vəd olaraq da qalacaqdı…
Yeri gəlmişkən: işğalçıların tələblərini səsləndirən Hacınski bir neçə gün əvvəl Müsavatı tərk edərək kommunistlərin sıralarına qoşulmuşdu. Lakin bu onu Azərbaycanın sovetləşməsindən sonra repressiyaya məruz qalma təhlükəsindən sığortalamayacaqdı. 1930-cu il dekabrın 3-də o, həbs ediləcək və sağ qurtulmayacaqdı. İstintaq sənədlərinə görə, 1931-ci il fevralın 9-da canına qıyacaq, başqa bir ehtimala görə isə 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetiriləcəkdi…
5-ci epizod
Maraqlıdır ki, M.H.Hacınski tələbləri səsləndirdikdən sonra öz mövqeyini açıqlayarkən Azərbaycanda bütün ixtiyarın bir firqəyə (kommunistlərə) verilməsinə qarşı çıxır, onun fikrincə, millətin müqəddəratının həllində bütün firqələr iştirak etməlidir.
Əslində bolşeviklər də Cümhuriyyət parlamentinə göndərdikləri məktubda parlamentə daxil olan siyasi firqələrə “musavi (bərabər) və azad fəaliyyət göstərəcəklərinə” dair vəd verirdilər. Onların həmin vədlərinə necə sadiq qaldığını da Aprel işğalından az sonra görürük…
Bunun ardınca digər parlamanlar fikirlərini açıqlamağa başlayırlar. Səməd ağa Ağamalıoğlu təslim olmaq tərəfdarı kimi çıxış edir. O bolşeviklərin Azərbaycanın istiqlaliyyətinin qorunacağını vəd etdiklərini xatırladır, sonra da deyir: “Mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar”.
“Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik. Hökumət ixtiyarı gərək Azərbaycan kommunistlərinə verilsin və istiqlaliyyətin müdafiəsi və bütün məsuliyyət onların firqəsinin öhdəsinə qoyulsun, hərgah, onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü onu müdafiə edər və özü istədiyinə nail olar” – bu fikirləri isə Aslan bəy Səfikürdlü səsləndirir.
Söz alan Rəsulzadə bəyan edir ki, “Müsavat” firqəsi təslim olmağın əleyhinədir. Bununla belə, “firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin” tərəfdarı olduğunu bildirir: “Bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
Müzakirələr bir müddət də davam edir, nəhayət, son mərhələyə qədəm qoyulur: artıq qərar zamanı yetişib. İclasın həmin hissəsi qapalı keçirilir və təxminən saat 23.30 radələrində başa çatır.
Son qərar hakimiyyətin dinc yolla bolşeviklərə ötürülməsi olur.
6-cı epizod
Cümhuriyyət Parlamentinin məlum qərarı əleyhinə bir nəfər səs verib.
Bəziləri bu şəxsin iclasda ağlayan və hakimiyyətin bolşeviklərə ötürülməsinin qəti əleyhdarı Şəfi bəy Rüstəmbəyli olduğunu düşünür. Lakin Şəfi bəy iclası yarımçıq tərk edib.
Bəs həmin bir nəfər kimdir?
O, Ağa Aşurov idi. Elə buna görə də ertəsi gün – aprelin 28-də hakimiyyətə gələn bolşeviklər Aşurovun həbs edilməsi barədə göstəriş vermiş, lakin onnu ələ keçirə bilməmişdilər.
Aşurov Türkiyəyə mühacirət etməyə çalışmış, ancaq nail ola bilməmişdi. Sonralar Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləmişdi.
1936-cı ildə Rostovda vəfat edib və şəhərin tatar qəbiristanlığında dəfn olunub…
7-ci epizod
Onu da deyək ki, müxtəlif qaynaqlarda Azərbaycan Cümhuriyyəti Parlamentinin son iclasının stenoqramı kimi təqdim edilən sənəd tarixçi Ziya Bünyadovun 1991-ci ilin mayında Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin arxivindən götürərək “Elm” qəzetində çap etdirdiyi nüsxədir.
Bu yığcam stenoqrama daxil edilməyən bir çox çıxışlar olduğu şübhəsizdir. Onlardan biri də Məhəmməd Əmin Rəsulzadənin parlaq nitqidir.
Yazımıza da elə həmin nitqlə nöqtə qoymaq istəyərdim. Lakin öncə bir məqamı vurğulamaqda fayda var. Bolşevik ordusunun Azərbaycana soxulmasını bəziləri onun buradan keçərək Türkiyənin istiqlal mübarizəsinə yardım etmək istəməsilə əlaqələndirməyə çalışırdılar.
Rəsulzadənin aşağıdakı nitqi də bu barədə deyilənlərə cavab olaraq söylənib. Bəri başdan deyim ki, nitqdəki seçmələr bizimdir.
“Əfəndilər! Mütəcasir bir ultimatum qarşısında bulunuruz. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?.. Kimə tərki-mövqe ediriz?.. Bizə deyirlər ki, hüdudumuzu keçən ordunun başında Nicati namında bir Türk komandanı durmuşdur. Rusiyadan gələn bu mütəcaviz ordu, təmin edirlər ki, həyat və məmat mücadiləsində bulunan Türkiyəni xilas üçün gedir.
Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz, fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbuki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir Türk olsa da yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə bəhəməhal anlaşmaq üçün hökuməti mütləqa bolşeviklərə təslim və ultimatumu qəbul etmək zilliyyətinə qatlanmağa ehtiyac yoxdur. Bu mütəcasiranə ültumatum kəmali-nifrətlə rədd edilməlidir. İxtilalçı Rusiya ilə mübariz Türkiyənin müvasilə və təsanüdünü təmin etmək zərurətiylə radikal bir hökumətin məbusan tərəfindən təşkili və bu hökumətə səlahiyyəti-vasiə verilməsiylə tədili-siyasət etmək qabildir. Məbusan zatən böylə bir təşəbbüslə məşğuldur. Bu surətlə həm Rusiya ilə bir lisani-ümumi bulunar, həm də istiqlali-millimiz rəxnədar olmaz, eyni zamanda, Anadoluya imdad məqsədi də hasil olur. Başqa cür edilən hər hansı bir güzəşt hüquqi-milləti təslimdən ibarət olur ki, buna qatlanmaq mühilli-şərəf olduğu kimi, böyük bir fəlakəti dəxi mücibdir!..
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir Məclisə dinlədiyi bu ultimatumu qəbul etmək hökuməti kəndi əliylə dost kisvəsinə bürünmüş düşmənə təslim etməkdir!
Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır!..”
Azlogos.eu