Milli Şuranın sədri, professor Cəmil Həsənli
Verilən məlumatlara görə avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Təməlqoyma mərasimində çıxış edən İlham Əliyev deyib ki, “artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Zəngilan Hava Limanının istifadəyə verilməsi tarixi yəqin ki, 2022-ci il olacaq.”
O, deyib ki, hava limanından Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Onun fikrincə bu hava limanlarının həm yüklər, həm sərnişinlər daşınması, eyni zamanda, hərbi məqsədlər üçün istifadə ediləcək. İşğaldan azad edilən yerlərdə infrastruktur yaradılması vacibdir. Lakin bir-birinə yaxın ərazilərdə böyük xərc tələb edən 3 beynəlxalq hava limanının inşa edilməsi nə qədər əsaslandırılmış bir qərardır? Ümumiyyətlə, Azərbaycan kimi hava nəqliyyatı üçün dar olan bir ərazidə 6 beynəlxalq hava limanına ehtiyac varmı? Onların iqtisadi və logistik səmərəliliyi nə dərəcədə əsaslanırılbıb?
18 illik idarəçiliyi dövründə İlham Əliyev uğursuz və perspektivsiz layihələrin müəllifi və icraçısı kimi tanınır. Buna misal olaraq Nazlifanı, İsmayıllı velosiped zavodunu, Zaqatala beynəlxalq hava limanı, Neftçala maşınqayırma zavodunu və bunlara bənzər onlarla nümunələr göstərmək olar. Bəlkə də bu layihələrin hakim ailənin korrupsiya şəbəkəsinin çiçəklənməsində hansısa rolu olub. Lakin iqtisadi və sosial səmərəlilik baxımından onlar özlərini doğrultmaqdıqları üçün demək olar ki, heç bir işləmir.
Əslində, yeni aeroportları da (Füzuli, Zəngilan və Laçın) belə bir tale gözləyir. Qeyd edilən hava limanları növbəti Nazlifan layihələridir və onların iqtisadi və logistik faydalılıq əmsalı Zəngilanda salınacaq “Ağıllı kəndin” sakinlərinə xidmət edəcək qədərdir.
Bir halda ki, söhbət 100 milyonlarla dollar vəsaitin xərclənəcəyi 3 yeni beynəlxalq hava limanının tikintisindən gedir, onların perspektivini Zaqatala beynəlxalq hava limanının taleyi ilə müqayisə etmək daha doğru olardı. 2006-cı ildən təməli qoyulan Zaqatala aeroportuna tikintisinə və bərpasına 100 milyon manatdan (manatın dollar nisbəti ilə təxminə 125 milyon dollar) çox vəsait xərclənib. Bura hava limanının 15 il ərzində saxlanma xərclərini də əlavə etsək mənzərə daha aydın olar.
Əhalinin demoqrafik yerləşimi baxımdan Zaqatala aeroportunun xidmət edəcəyi əhalinin sayı qeyd edilən 3 aeroprtun xidmət edəcəyi toplam əhalinin sayından 3-4 dəfə çoxdur. İndi sual olunur, bu qədər vəsait xərclənmiş, işlək vəziyyətdə olan Zaqatala hava limanını hökumət niyə işlədə bilmir? Və kim təminat verir ki, böyük xərc hesabına başa gələcək Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarını işlədə biləcək?
Bundan əlavə, Bakı, qismən Gəncə və Naxçıvan aeroportları istisna olmaqla qalan hava limanlarının beynəlxalq statusu yalnız kağız üzərindədir. Onların beynəlxalq sərnişin və karqo yükləri daşıma perspektivi Nazlifanın perspektivi qədərdir. Ölkə daxilinə gəldikdə isə Azərbaycanın hüdudları hava nəqliyyatı üçün dar olduğundan vaxt və qiymət baxımından ölkədaxili hava nəqliyyatı Naxçıvana verilən güzəştli qiymətlər istisna olmaqla qalan yerli uçuşlar üçün sərfəli deyil.
Məsələn, Bakıdan Zaqatala hava limanı və minibus vasitəsi ilə Şəkiyə getməyi müqayisə etsək cəmi 15 dəqiqə vaxt fərqi olur. Amma bu 15 dəqiqəyə görə vətəndaş təyyarə biletinə nə az, nə çox 105 manat artıq pul ödəməlidir. (Zaqatala hava limanının iqtisadi səmərəsizliyi ilə bağlı Elmir Muxtarov maraqlı bir təhlil yazısı hazırlayıb və onun linkini şərh bölümünə qoyuram) Bununla bağlı Halbuki, bu 105 manata hər bir şəkili yerüstü nəqliyyatla Bakıya 3-4 dəfə gedib gələ bilər. Onu da əlavə edək ki, karqo yükdaşımaları baha başa gəldiyi üçün həmin hava limanlarını da Zaqatala hava limanının taleyi gözləyir. Nümunə üçün qeyd edim ki, qardaş Türkiyədə 100 mindən çox əhalisi və bir neçə müasir universiteti olan, turistik bölgə heab edilən Ərdahanın bu günə kimi hava limanı yoxdur. Ora getmək üçün 89 km məsafədə yerləşən Kars hava limanından istifadə edilir. Buna bənzər örnəklər Türkiyədə çoxdur.
Bəziləri bu aeroportların salınmasını hərbi strateji amillərlə izah etməyə çalışırlar. Əvvəla, mülki hava limanları şəxsi heyətin daşınması istisna olmaqla hərbi hava uçuşları üçün yararlı deyil. Digər tərəfdən müasir hərbi hava texnologiyaları baxımından Gəncə, Yevlax və Kürdəmirdən havaya qalxan hərbi təyyarənin Kəlbəcər, Laçın və Zəngilana yetişməsi üçün 10-15 dəqiqə vaxt lazımdır. Ona görə də perspektivdə heç bir iqtisadi, logistik və hərbi səmərəsi əsaslanıdırlmamış bir-biri ilə qonşu olan bu aeroportların inşasına bu qədər vəsaitlərin xərclənməsinin ağlabatan bir izahı olmalıdır. Axı, bu perspektivsis layihələrə xərclənən 100 milyonlarla manat vəsaitin hər qəpiyinə bərpasını gözləyən ərazilərin və həmin ərazilərə qayıdacağını gözləyən əhalinin əşhəddü-ehtiyacı var.