Rahim Ağayev
Bizim Əfqanıstanda baş verənlərə təsir imkanlarımız sıfırdır. Uzun-uzadı müzakirələrdən çıxara biləcəyimiz ən yaxşı nəticə, bütün bunlardan özümüz üçün nəsə ibrət götürmək olardı. Kontekst çox fərqli ola bilər, amma əfqan xalqının düşdüyü vəziyyət (öz taleyinə sahib çıxa bilməməsi) prinsip etibarilə bizimlə oxşardır.Belə vəziyyətlər çox mürəkkəbdir və onların uğurlu həlli üçün asan və sadə yol mövcud deyil. Kimdir təqsirkar? Əfqan siyasi liderləri, cəmiyyət, ABŞ və ya digər güclər? Hər birimiz bir amilə köklənib, müzakirəni sonsuzadək davam etdirə bilərik, hər birində də həqiqət var.
Bütün təqsiri bir yerə yönəltməklə, arzuolunan nəticə əldə etmək olmaz. Problemin həlli kompleks yanaşma və cəsarətli rəhbərlik tələb edir. Harvard professorları Ronald Heifetz və Marty Linsky-nin müəllifi olduğu “Təhlükəli rəhbərlikı: Rəhbərlik edərkən təhlükələr zamanı necə sağ qalmaq” (Leadership on the Line: Staying Alive Through the Dangers of Leading) kitabında bu haqda ətraflı bəhs olunub, dünyanın müxtəlif ölkələrindən nümunələr gətirirlər. Belə vəziyyətlərdə siyasi liderlərdən “adaptiv” rəhbərlik tələb olunur, hansı ki, rəhbərin öz həyatı üçün təhlükəli ola bilər. Məhz ona görə çox vaxt siyasi liderlər cəmiyyətə lazım olanı deyil, onların eşitmək istədiyini deyirlər və ya digər məsələlərdə alverə gedirlər.
Cəmiyyətin də həyat tərzini təftiş edib, dəyişməsi tələb olunur. Məsələ budur ki, hər iki amil çox çətin və təhlükəlidir. Təsəvvür edin, bütün həyatını siqaret çəkən, araq içən, yağlı, şirin yeməklər yeyən xəstəyə həkim deyir ki, həyatında sağlamlığa doğru dəyişiklik istəyirsənsə, bu vərdişləri tərgitməlisən və əvəzində daha çox su içməlisən, meyvə-tərəvəz yeməlisən, gündəlik idman etməlisən və s. Sadə səslənə bilər, amma çox az xəstələr bunu edə bilirlər, bəziləri ölümlə üz-üzə qalanda, özlərində iradə tapa bilirlər, çoxları isə bacarmır və vaxtsız ölür və s.
Əgər rəhbərlər həyatını riskə atmaqdan çəkinib, düzgün olanı etməyəndə və cəmiyyətdə öz növbəsində öyrəşdiyi həyatdan (adətənənə, rüşvət, qohumbazlıq və s.) əl çəkməkdə maraqlı olmayanda dəyişiklik mümkün deyil. Biz Amerikanı çoxlu məsələlər görə təqsirləndirə bilərik, amma hər bir ölkənin siyasi rəhbərlərin səriştəsizliyi, casarətsizliyinə və cəmiyyətin qeyri-mütərəqqi yollarında əl çəkməməsinə görə məsuliyyəti əsasən özləri daşıyırlar.
Yazı müəllifin fb səhifəsindən götürülüb