Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Əli Kərimlinin 19 oktyabr aksiyasında polis hücumuna məruz qalarkən ucadan və qəzəblə hayqırdığı bu sözləri yəqin xatırlayırsınız.
Dünən ABŞ-ın Əfqanıstandan çəkilməsi ilə bağlı xalqa müraciətində eyni sözləri Co Bayden təkrarladı. O dedi ki, biz əfqan xalqına hər şey verdik. Təsəvvür edilməyəcək dərəcədə maddi yardımlar etdik. 300 minlik ordu yaradıb onu hətta bir çox müttəfiqlərimizin malik olmadığı imkanlarla təchiz etdik. Biz illərlə böyük vəsaitlər (cəmi bir trilyon dollara yaxın, təkcə idarəetməyə 88 milyard dollar vəsait xərclənib) xərcləyib bütün əfqan ordusunun və idarəetməsinin maaşını verdik. Talibanın bircə hava uçağı yoxdur, biz əfqan ordusuna hava qüvvələri yaratdıq. Lakin onlar bütün bu imkanlardan istifadə etmək əvəzinə onları qoyub qaçdılar. Prezident Əşrəf Qəni qaçdı. Biz əfqanlara hər şeyi verdik, bircə şeydən başqa-
ÖZ GƏLƏCƏKLƏRİ ÜÇÜN MÜCADILƏ ETMƏK İRADƏSİNİ BIZ ONLARA VERƏ BİLMƏZDİK!
“Biz Əfqanıstana terrorla mübarizə aparıb Əl-Qaidanı zəiflətmək üçün getmişdik, bunu ABŞ-ın maraqları tələb edirdi və biz məqsədimizə nail olduq. Terrorla mübarizə zərurəti yaranacaqsa, yenə gedəcəyik. Ancaq ABŞ-ın Əfqanıstanda “millət quruculuğu”, “demokratiya quruculuğu” kimi bir öhdəliyi yoxdur!
Amerika əsgərləri əfqanların özlərinin mübarizə aparıb ölmək istəmədiyi müharibədə ölməli deyillər!”.
Xalqa müraciətdə ABŞ prezidentinin göstərmədiyi məqamlar da oldu. Məsələn, o demədi ki, biz əfqan hökumətinə 90 milyard dollar yardım etdik ki, ölkə qursunlar, onlar həmin pulun böyük hissəsini taladılar, korrupsiyanı, yerlibazlığı, nepotizmi gücləndirdilər. Vəzifələrə öz qohumlarını təyin etdilər. Seçkiləri saxtalaşdlrdılar və hətta ABŞ-ın səxavətlə verdiyi pullardan gizlincə Talibana da ötürdülər ki, bu radikal islamçı qruplaşma ayaqda qalsın və ABŞ-dan gələn milyardların davamlılığı təmin edilsin!
ABŞ uzun illər Əfqanıstanda normal dövlət qurmağa çalışdı, ancaq əfqanlar bunu istəmədilər. Onlar düşündülər ki, elə həmişə ABŞ vətəndaşları onların maaşını ödəyəcək, ABŞ əsgərləri onları qoruyacaq və bu rahat həyat heç dəyişməyəcək. Əksəriyyət şəffaf və etimadlı idarəetmə, müstəqil məhkəmə sistemi, güclü ordu, normal təhsil, səhiyyə sistemi qurmaq haqqında düşünmədi. Hamının qayğısı ABŞ-dan daha çox pul çırpışdırmaq idi…
Və bunu düşünənlərin çoxu indi övladlarını, arvadını, anasını, bacısını, evdə buraxıb ABŞ hərbi uçaqlarının təkərlərindən yapışıb ABŞ-a qaçmaq istəyənlərdir. Təhsil, savad, dünyagörüşü də yoxdur ki, təyyarə ilə nağıllardakı uçan xalçanın fərqini anlasınlar…
İradə lazımdır! Gerçəkdən də, millət olmaq üçün, insan olmaq üçün, vətəndaş olmaq üçün iradə lazımdır, qətiyyət, əzm, dəyanət lazımdır! Öz gələcəyi uğrunda mübarizə aparmaq iradəsi olmayan toplumu heç kim xilas edə bilməz! ABŞ bunu edə bilmədisə, heç kim bacarmaz!
Əfqanıstan nümunəsi hər birimizə dərs olmalıdır!