Avqustun 16-sı, təxminən saat 18.00 radələrindən etibarən Ağsu rayonunun Keçdiməz kəndi ərazisində yerləşən dağlıq sahədə yanğın başlayıb. Küləyin güclənməsi ilə yanğın qısa müddətdə Keçdiməz və Bico kəndinin dağlıq ərazilərini, demək olar, tamamilə, cənginə alıb.
Əraziyə əvvəlcə FHN-nin Ağsu rayon yanğınsöndürmə briqadası cəlb edilsə də, sonradan yanğının miqyasının genişlənməsi ilə əlaqədar Şamaxı, İsmayıllı, Qobustan, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Yevlax, Hacıqabul rayonlarının yanğınsöndürmə texnikaları və şəxsi heyyətləri də ezam olunublar. Rayon sakinlərinin verdikləri məlumatlara əsasən, kənd sakinlərinin də yaxından iştirakı ilə ilkin mərhələdə sıxışdırılan yanğın havanın qaralmasından sonra yanğınsöndürənlərin biganəliyi nəticəsində yenidən geniş vüsət alıb. Rayon rəhbərliyini təmsil edən şəxslərin, kənd bələdiyyə sədrinin, icra nümayəndəsinin və bələdçilərin sözlərinə məhəl qoymayan yanğınsöndürənlərin Elçin adlı rəis əvəzi “Heç kim bizə göstəriş verməsin!” – deməklə, nabələd olduqları, relyefi çətin olan əraziləri yanğından mühafizə edə bilmədilər.
Nəticədə davam edən yanğın ocaqları ümumilikdə təxminən 3 min hektar kolluq, meşəlik və otlaq sahələrini külə döndərib. Fəlakət nəticəsində sözügedən dağlardakı qocaman palıd, çinar, qovaq, qoz, tut və s. ağaclar, eləcə də xeyli sayda dərman bitkiləri məhv olub. Hazırda Bico dağındakı(Sanqalan dağı) meşəlik və Alpout adlanan ərazidə yanğınlar davam edir. Havadan müdaxilə olmadığından yanğının söndürülməsi hələ ki, mümkün deyil. Yanmış təbii floranın bərpası yəqin ki, onilliklərdən sonra tam bərpa olunacaq.
P.S. Rayon sakinlərinin sözlərinə görə, son 15 gün ərzində Ağsu rayonunun dağlıq ərazilərində bu, 4-cü yanğın hadisəsidir ki, baş verir. Təbii ki, yanğınların baş verməsi təsadüfi deyil, məqsədli şəkildədir. Lakin maraqlıdır ki, yanğınlar qısa vaxt ərzində niyə məhz Ağsu rayonunda törədilir? Ola bilər, bu yanğınlar rayona bir neçə aydır başçı təyin edilən Rövşən Bağırova sadəcə bir siqnaldır. Çünki R.Bağırov rayona başçı gələndən indiyədək camaatı sayıb qarşısına çıxmayıb, bir rayon sakinin problemini dinləyib, həllinə çalışmayıb. Ümumiyyətlə, onun Ağsuda olması, fəaliyyəti nəzərə çarpmır. Bəlkə də bu silsilə yanğınlar tamam başqa məqsədlərlə törədilir, hər halda zərbə təbiətə və ondan istifadə edən kəndlilərə dəyir.