Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün Azərbaycan elminin, ziyalılığının, ümumtürk düşüncə sisteminin ən tanınmış nümayəndələrindən biri olan Kamil Vəli Nərimanoğlunun 75 yaşı tamam olur. Kamil müəllim Azərbaycan dilçiliyinin və ədəbi tənqidinin parlaq və canlı bir obrazıdır. Onunla bağlı çox xatirələrimiz var. Yaddaş salnaməmizə baxandan tanışlığımızın az qala 50 ili arxada qalıb. Bakı universitetində müəllimlik fəaliyyətinə başlayanda o, gənclərin, xüsusi ilə istedadlı gənclərin ən yaxın dostu və dayağı idi. Kamil müəllim yalnız dilin elmi əsasları, tarixi ilə deyil, onun praktiki məsələləri, saflaşması, cilalanması, gündəlik həyatda işlənməsi baxımından da böyük əmək verib.
Sovet və post – sovet dövründə Azərbaycan radiosunda “Bulaq” ədəbi bədii proqramında onun dili bulaq kimi qaynayırdı. Kamil müəlimin “Elimizdən, obamızdan”, “Azərbaycan dilinin poetik sintaksisi”, “Azərbaycan dil tarixi”, “Dastan poetikası”, “Sözün sehri”, “Elin yaddaşı, dilin yaddaşı”, “Bizim sözlər, gözəl sözlər”, “Türk dilinin bəstəçisi, rəssamı və memarı”, “Azərbaycan dövlət dili siyasəti”, “Mənim Füzulim” əsərləri, ayrı-ayrı məqalələri tək elmi deyil, yaddaşları da cilalayan əsərlərdir. Kamil müəllimin dil düşüncələri milli varlıq hadisəsidir, onun milli kimliyə gedən yolu milli şüuru formalaşdıran canlı, axarlı-baxarlı dildən keçir, dilin ictimai mahiyyətindən keçir. Bu baxımdan onun dil düşüncəsi ictimai məzmun kəsb edir.
Kamil Vəli Nərimanoğlunun çoxtərəfli fəaliyyətinin bir siyasi tərəfi də vardır. 1992-ci ildə Azərbaycanda Elçibəyin milli hökuməti qurulanda o, Baş Nazirin müavini kimi yüksək bir vəzifə tuturdu. Həmin illərdə qısa zaman kəsiyində Elçibəy komandasının bir sıra fədakar üzvləri kimi Kamil Vəli də millətə və dövlətə xidmətin örnəyini yarada bildi, ölkənin təhsil və mədəniyyət siyasətinin sovet ideologiyasından təmizlənib milli məzmun kəsb etməsində mühüm rol oynadı və heç nəyi də öz adına çıxmaq niyyətində bulunmadı.
Kamil müəllimin ziyalılığı onun vətəndaş mövqeyindən keçir. Və bu vətəndaş mövqeyinin ifadəsini biz haqsızlığa düçar olanlara dəstəkdə, haqqın taptalandığı məqamlarda, ədalət, nizam pozulanda, xalqın köklü maraqları gözardı ediləndə görürük. Kamil Vəli Nərimanoğlu ötən əsrin qaynar 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərindən milli kimlik və aydınlatma hərəkatının iştirakçısı, bu hərəkatın lideri Əbülfəz Elçibəyi yaxın mücadilə arxadaşlarından biri olub. Uzun müddət Bakı Dövlət Universitetində çalışıb, gənc nəslin Vətən, Kimlik və Millət düşüncələrinin formalaşmasında əvəzsiz xidmətləri olub.
75 yaş müdriklik yaşıdır. Amma bizim tanıdığımız Kamil müəllim elə gəncliyində də müdrik adam idi. Biz hər məsələdə onu elin yanında, xalqın yanında görmüşük, milli dərdlərimizin yanında görmüşük. Böyük Rəsulzadə demiş “cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!” Professor Kamil Vəli Nərimanoğlunun keçdiyi həyat yolu bunun canlı örnəyidir. Bu baxımdan o, çoxlarından seçilir. Bu yubiley yaşında biz Kamil müəllimə can sağlığı, mənalı həyat, çoxtərəfli yaradıcılığında uğurlar arzu edirik.