Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadədən sonra Nardaran işi üzrə onunla birlikdə mühakimə olunan daha üç nəfər də cərimə kamerasına (“kars”) salınıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Nardaran sakinləri Abbas Hüseynov və Əli Nuriyev də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında “kars”dadır.
Bu haqda “Azadliq.info”ya onların yaxınları məlumat verib. Taleh Bağırzadə iyulun 20-dən, adıçəkilən üç nəfər isə iyulun 21-dən “kars”dadır. Təcridxanada onlara verilən cəza müddəti bəlli deyil. Adları çəkilənlərin hamısı iyulun 20-də Nardaran işi üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırılıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində vəkillərdən sonra təqsirləndirilən şəxslərin özləri də çıxış etmək, günahsız həbs olunduqlarını söyləmək, barələrindəki hökmdən narazı qalmalarının səbəblərini açıqlamaq istəyiblər. Amma məhkəmə prosesinə sədrlik edən hakim Əmir Bayramov təqsirləndirilən şəxslərə çıxış etməyə imkan verməyib. O, təqsirləndirilən şəxsləri dinləmədən çıxış üçün sözü prokurora verəndə məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər sözlə etirazlarının nəticə vermədiyini görüb, Əmir Bayramovun sədrlik etdiyi, Vüqar Məmmədov və Əflatun Qasımovdan ibarət hakimlər heyətinə tərəf ayaqqabılarını və əllərindəki su qablarını atıblar. Ehtimal olunur ki, Nardaran işi məhkəmədə iştirak edən təqsirləndirilən şəxslərin hamısı hissə-hissə “karsa” salınacaq.
Ekspertlər isə təcridxana rəhbərliyinin bu addımının qanunsuz olduğunu bildirir. Hüquqşünas Samirə Ağayeva deyir ki, Avropa Penitensiar Qaydalarına görə, təqsirləndirilən şəxslər məhkəmədə yox, yalnız cəzaçəkmə müəssisələrində baş vermiş pozuntulara görə cəzalandırıla bilərlər.
Xatırladaq ki, Taleh Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi və ikisi polis olmaqla, altı nəfərin qətlinə səbəb olduğu qanlı əməliyyat nəticəsində həbs olunub. Onlarla birlikdə məhkəmə qarşısına çıxarılan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Nardaran hadisələrində həbs olunanlar və sakinlərin başına gətirilənlərlə əlaqədar hökuməti, hüquq-mühafizə orqanlarını “facebook”dakı statuslarında tənqid etdiyinə görə həbs olunub. Bu 18 nəfərdən Taleh Bağırzadə və Abbas Hüseynov 20, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Fuad Qəhrəmanlı və Ramin Yarıyev 10, qalanları da 14 il 6 ay azadlıqdan məhrum edilib. İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində sözügedən insidentdən bir neçə saat sonra vəkillərə məlumat verilib ki, onların iştirakı olmadan prokuror da çıxış edib, qərar da elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Azadlıq.info
Oxunub: 302