Bax, buna görə “Talana son!” deyirdik. Yadınızdadır, biz tez- tez SOCAR-dakı korrupsiyadan, həmin nəhəng korrupsiyanın hesabının bir gün bizə ödətdiriləcəyindən yazırdıq? Təəssüf ki, vaxtında millət olaraq bu təhlükəni görüb, “Talana son!” mitinqlərinə hamılıqla dəstək olmadıq. Budur, nəticə qapımızın ağzındadır.
Benzinin qiymətinin artmasının iki əsas səbəbi var:
1. SOCAR-ın pis idarə olunması, SOCAR-dakı irimiqyaslı korrupsiyanın milyardları yoxa çıxarması. Beynəlxalq idman oyunlarına, Avropa futbol klublarına sponsorluq da daxil olmaqla, bir çox mənasız xərclər və israfçılığın SOCAR-ı çökdürməsi. Nəticədə ölkənin əsas sərvətinə sahib olan bu şirkətin müflisləşmək həddinə çatdırılması.
2. Rejimin xalqımızın dözümlü olmasına əminliyi. Əvvəllər də yanacağın, enerjidaşıyıcıların qiyməti qalxıb. Milli Şura dəfələrlə həm enerjidaşıcılarının qiymət artımına, həm də bütövlükdə ölkədəki korrupsiya və talana etiraz etmək üçün mitinqlər təşkil edib. Bu problemlər hamını əhatə etsə də, biz meydanda əsasən AXCP üzvlərini, Milli Şura təəssübkeşlərini görmüşük. Qiymət artımından, talançılıq siyasətindən, devalvasiyadan, cəmiyyətdəki dəhşətli sosial problemlərdən əziyyət çəkən 100 minlər, milyonlar isə “biz siyasətə qarışmırıq” bəhanəsilə etiraz hərəkatından kənarda qalıb. Rejim xalqımızın hamılıqla etiraz etməyəcəyinə əmin olduğuna görə belə anti-xalq qərara imza atıb.
Aydındır ki, benzinin bahalaşması növbəti bahalaşma dalğasının başlanğıcıdır. Ət və dərmanlar artıq bahalaşıb. Ardınca nəqliyyat xərclərinin, onun da ardınca Azərbaycanda istehsal olunan hər şeyin qiymətinin artması gəlir.
Gün başa çatır, hələ də prezident aparatından heç kim danışıb, Tarif Şurasının bu qərarı özbaşına verdiyini, İlham Əliyevin bundan xəbərinin olmadğını deməyib. Necə desinlər? Məscid deyil ki, söküləndən sonra əvvəlki kimi bərpası mümkün olmasın. Desələr xəbəri yoxdur, gərək qərarı ləğv etsinlər. Bunu isə etməyəcəklər.
Bəli, növbəti qiymət artımı İlham Əliyevin də, onun vitse-prezidentinin də siyasətinin uğursuzluğudur. Dövlət səviyyəsində korrupsiyanın bütün ölkələrdə nəticəsi belə acınacaqlı olur. Növbəti bahalaşma hakimiyyətin korrupsiyanı himayə etmək, azad mətbuatı, müstəqil məhkəmələri, azad rəqabəti boğmaq, xalqla hesablaşmamaq siyasətinin məntiqi nəticəsidir. Onların dəyişməsini istəyiriksə, əvvəlcə gərək özümüz dəyişək. Dövlətdən oğurlanan hər bir manatın bizim cibimizdən getdiyinin fərqində olaq. Korrupsioner sistemi dəyişmək üçün hamılıqla qolumuzu çırmayaq!
Oxunub: 1402