Seymur Həzi
Dövlət başçısı İlham Əliyev Azərbaycanda özəlləşdirmənin növbəti dalğası haqqında danışıb. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf bankı da Azərbaycana dəstəkçi olacağını bildirib. Əlbəttə, indiki şəraitdə böhranın təsirlərini azaltmaq baxımından bu mühüm çıxış yollarından biri kimi görünə bilər. Amma Azərbaycanın uğursuz özəlləşdirmə təcrübəsi bizi narahat etməyə bilməz. Ona görə də biz düşünürük ki, b u özəlləşdirmə bir neçə mühüm şərt daxilində baş verməlidir.
- Şəffaflıq və maliyyə maraqlarına uyğun keçirilməsi üçün özəlləşdirmə şərtləri dəyişməlidir.
- Bütün maraqlı tərəflərin- xarici sərmayəçilərin prosesə qatılmaq imkanı olmalıdır
- Ciddi ictimai nəzarət olmalıdır. Azad media, sahəsinə uyğun müstəqil vətəndaş cəmiyyəti subyektləri, siyasi partiyalar prosesə sərbəst nəzarət imkanında olmalıdırlar.
Əgər bu şərtlər təmin olunmayacaqsa, 1990 və 2000-ci illərdəki acı özəlləşdirmə təcübəsində olduğu kimi bir qurup ölkənin bütün sərvətini yenidən ələ keçirmək imkanı qazanacaqsa, bundan iqtisadiyyat və dövlət heç nə qazanmayacaq. Əksinə xalq itirəcək və yenidən mülkiyyət fərqləri uçurum həddində böyüyəcək. Burada beynəlxalq birlik daha sayıq olmalı, ölkədə islahatlar çərçivəsində tələb olunan növbəti addımlar atılarkən yerli və beynəlxalq ictimaiyyətin aldadılmasına yol verilməməlidir. Xarici sərmayədarlar dünyada tanınan və etimad görən subyektlər olmalıdır. Əks təqdirdə əvvəlki praktikalarda olduğu kimi xaricdə qeydiyyatdan keçirilmiş ailə şirkətləri vasitəsiylə ölkəni yenidən talama siyasəti bizi növbəti böhrana apardığı kimi məlum bir qrupu da daha çox varlandıracaqdır.
Ölkədə hal hazırda azad medianın sıxışdırıldığını, müstəqil QHT-lərin fəaliyyətinin mümkünsüz hala gətirildiyini, siyasi partiyaların fəaliyyəti üçün heç bir müsbət zəmin olmadığı durumda belə bir prosesin şəfaf keçiriləcəyi ümidverici deyil və şəffaflığı şübhə doğurur.