Bəxtiyar Hacıyev
ABŞ-da yaşayan həmvətənlərimizdən də 1200 dollar yardım alan olub. Özü də ABŞ sadəcə vətəndaşlara yox, orada yaşamaq icazəsi olanlara da bu yardımı edib. Özü də ər-arvad məhdudiyyəti qoymadan. Uşaqları olanlara hər uşağa görə 500 dollar əlavə pul verilir. İşini itirənlərə isə iş tapana qədər hər ay 2400 dollar + hər uşağa görə 600 dollar verilir.
Yəni, ABŞ-da vətəndaş olmayan ər-arvad və 3 uşaqlı ailə 2400+1500= 3900 dollar (6630 AZN) yardım alır. Təxminən Azərbaycandan 35 dəfə çox. İşini itirmiş ailədirsə, daha çox alır. Heç biri də Ağ Evin saytında dərc edilmək üçün Trampa təşəkkür məktubu yazmır.
Azərbaycanda isə ailədə bir Qarabağ əlili 80 manat pensiya alırsa, o ailəyə yardım edilmir ki, bəsinizdir! Belə real keyslərin sayı-hesabı yoxdur.
Deyə bilərsiniz ki, ABŞ ilə Azərbaycanı müqayisə etməyin. Onların NASA-sı Marsda elmi tədqiqat aparır, Azərbaycanın ANAS-ı (AMEA – Azerbaijan National Academy of Sciences) 2020-ci ildə Koroğlu dastanına həsr edilmiş dəyirmi masa keçirir, biz gənc dövlətik, filan.
Birincisi, heç kim demir Azərbaycanda da 1200 dollar versinlər. Amma 190 manatı da adam kimi hamıya versinlər. Ailədə bir nəfər pensiya alanda digərlərinə imtina etməsinlər.
İkincisi, nazirlik subayları evli, evliləri dul, dulları sahibkar kimi təqdim edib, bəhanə edərək imtina etməsin. Bundan əvvəlki postumda xeyli insan Əmək nazirliyinin belə bilərəkdən, yaxud bilmədən etdiyi səhvləri paylaşıb.
Üçüncüsü, Azərbaycan lazım gələndə gənc dövlət olduğunu unudur, Avropanın inkişaf etmiş ölkələri Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina edəndə milyardlarla dollar xərcləyib, ev sahibliyi edir. ABŞ-da oxuduğum müddətdə mənimlə qubernator, mer övladları oxuyurdular ki, onların idarə etdikləri şəhər və ştatların büdcələri SOCAR büdcəsindən dəfələrlə çox idi. Amma onlar 2 milyonluq saat taxmırdılar, pulsuz pizza verilən tədbirlərə məndən tez gedirdilər ki, nahara pul xərcləməsinlər.
Düşünürəm ki, Azərbaycan öz sosial siyasətinə əl gəzdirib, Əmək nazirliyinin etdiyi səhvləri araşdırmalı və bütün işsizlərə müavinət verməlidir.