Azərbaycandan maye butan qazının bəyan edilmiş dəyəri 70 dollar/ton təşkil edir və illərdir dəyişmir. İdxalçı ölkələr qiymətlərin ən azı 5 dəfə baha olduğunu bildirir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin iki ayı ərzində Azərbaycan 1276 ton maye butan qazı (LPG) 70 dollar/ton bəyannamə qiymətinə xaricə ixrac edib. Maraqlıdır ki, Tarif (Qiymət) Şurası SOCAR-ın istehsal etdiyi bu məhsul üçün topdansatış tarifini 300 manat və ya bir ton üçün 176.4 dollar müəyyən edib. Bununla yanaşı, 2017-ci ilin iyul ayında SOCAR daxilində LPG-nin tarifi 1 ton üçün 183,1 manat və ya 107,7 dollar səviyyəsində müəyyən edilib. Başqa sözlə, Azərbaycandan LPG-ni ixrac qiymətləri SOCAR daxilindəki qiymətlərdən də aşağıdır. Tarif Şurasının qərarına əsasən, şirkətin daxili tariflərinə yüklənmə, təmizlənmə və Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqonlarının dayanacağına kimi çatdırılması xərcləri də daxildir.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov maye qazın (LPG) ixrac qiymətlərinin formalaşmasını şərh edərkən bildirib ki, Tarif Şurası tərəfindən ölkə daxilində maye qazın müəyyən edilən topdansatış qiymətlərinə vergilər (ƏDV, aksiz vergisi, yol vergisi və s.) daxildir. Bəyan olunan ixrac qiymətləri təyinat məntəqəsinədək daşıma xərcləri, qəbul edən ölkənin vergi və rüsumları nəzərə alınmadan göstərilir.
2019-cu ildə Azərbaycanda maye formada 186,8 min ton butan və propan qazı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 9,9% azdır. İl ərzində 14 092,4 ton məhsul ixrac edilib. Bu, 2018-ci illə müqayisədə 3,6 dəfə azdır.
Azərbaycanda pərakəndə satışda maye qazın 1 litri 65 qəpikdir ($0.38).
2015-2019-cu illərdə bir sıra ölkələrin Azərbaycandan butan idxalı barədə məlumat:
Il Ümumi qiymət ($) Həcm, kq
2015 Gürcüstan 3929131 9575460
2016 Gürcüstan 1827159 6853900
2016 Rumıniya 268823 665220
2016 Rusiya 140266 532420
2016 Ukrayna 328009 739500
2017 Rumıniya 3300 7500
2017 Rusiya 59213 210640
2018 Gürcüstan 2682547 7158540
2019 Gürcüstan 596085 1703100
Turan