
“Oqtay artıq ətraf mühiti yaxşı duya bilir, başını boynu üzərində müəyyən müddətə saxlaya bilir. Həkimlərin deməsinə görə, boyun əzələləri güclənir”.
Bunu bugün, aprelin 30-da hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, O.Gülalıyevin çəkisində də artım baş verib: “Bura gələndən çəkisi 65 kiloqram olaraq dayanmışdı. Hazırda çəkisi 68 kiloqrama yaxındır. Həkimlər bunun özünü də müsbət hal kimi qiymətləndirirlər”.
Amma F.Gülalıyeva əlavə edib ki, hələlik, O.Gülalıyevdə şüur oyanıqlığı baş verməyib:”Məsələ bundadır ki, şüur oyanıqlığının nə zaman baş verəcəyini həkimlərin özləri də bilmirlər”.
Bu açıqlamaya xəstəxanadan münasibət almaq mümkün olmayıb.
Hüquq müdafiəçisinin qəzaya düşdüyü vaxtdan 6 aydır ki, şüuru özündə deyil.
Xanımı: ‘Oqtayın həkimləri çalışırlar ki…’
“Oqtayın vəziyyətində elə bir ciddi yenilik yoxdur. Gözlərini açır, əllərini hərəkətə gətirir, amma şüur oyanıqlığı hələ baş verməyib”.
Bunu AzadlıqRadiosuna aprelin 20-də hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.
Xanımının sözlərinə görə, O.Gülalıyevin həkimləri indi daha çox çalışırlar ki, onu Türkiyədə geniş yayılmaqda olan yeni koronavirus infeksiyasından qorusunlar. “Bu virusa Oqtay kimi immuniteti zəifləmiş şəxslər daha tez yoluxa bilirlər. Ona görə də həkimlər bu məsələni əsas məsələ kimi diqqətdə saxlayırlar”,-F.Gülalıyeva bildirib.
Azadlıq radiosu