Hakimiyyətin zorla AXCP sədri əleyhinə yalan ifadə almaq cəhdləri barədə
Dünən məlumat yayıldı ki, hazırda inzibati həbsdə olan AXCP fəalı, partiya sədrinin ictimai əsasla mühafizəçisi Niyaməddin Əhmədov iki gün əvvəl təcridxanadan naməlum yerə aparılaraq döyülüb. Ondan işgəncə yolu ilə AXCP sədri Əli Kərimli əleyhinə yalan ifadə almaq istəyiblər. Lakin istəklərinə nail olmayıblar və 12 saatdan sonra təcridxanaya qaytarıb təkadamlıq kameraya salıblar.
Bu məlumat zaman-zaman müxtəlif şəxslərdən zorla AXCP sədrinə qarşı yalan ifadə almaq faktlarını yada salır. Belə faktlardan bir neçəsini xatırladaq:
2013-cü ildə jurnalist Pərviz Həşimlini o zamankı MTN həbs edəndə ondan tələb olunmuşdu ki, guya o vaxt “Azəryolservis” ASC-nin sədri işləyən Cavid Qurbanovdan və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini işləyən Əli Nağıyevdən pul alıb AXCP sədri Əli Kərimliyə çatdırırmış. Pərviz Həşimli tələb olunan ifadəni vermədiyi üçün ağır işgəncələrə məruz qalıb. Bu barədə jurnalistin öz dedikləri: “Mənim Əli Nağıyevlə şəxsi tanışlığım yoxdur. Qardaşı ilə münasibətim var. Cavid Qurbanov isə bizim rayonun deputatı olduğundan münasibətim var idi. Məndən tələb edirdilər ki, onlardan pul alıb Əli Kərimliyə verdiyimi deyim.” (mənbə: https://bit.ly/35hwgFZ , https://bit.ly/3aONOKP)
2014-cu ilin mayında Bakıda etiraz aksiyası zamanı tutularaq 1 aylıq inzibati həbs cəzası almış AXCP fəalı Kəmalə Bənənyarlı (o, hazırda mühacirətdədir) Nəsimi Rayon Polis İdarəsində AXCP sədri əleyhinə yazılmış hazır protokola qol çəkməsi üçün ağır işgəncəyə məruz qalıb, huşunu itirənə qədər döyülüb. Bu barədə o vaxt Bənənyarlının vəkili Əsabəli Mustafayevin mediaya dediklərindən: “Kəmalə Bənənyarlı xüsusi hazırlanmış protokolu imzalamaqdan imtina etdiyi üçün dəfələrlə döyülüb. Protokola əsasən, Kəmalə xanım etiraf etməli idi ki, AXCP sədri Əli Kərimli hər ay onu belə aksiyalarda və siyasi tədbirlərdə iştirak etməsi üçün maliyyələşdirir”. (mənbə: 45430.html). Və Bənənyarlının özünün inzibati həbsdən sonra dediklərindən: “Saxta protokola qol çəkməyimi tələb edirdilər. İstəyirdilər ki, Əli Kərimlinin əleyhinə ifadə verim.” (mənbə: https://www.azadliq.org/a/25411662.html)
2015-ci ildə Nardaran əməliyyatında həbs edilənlərdən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə və onun müavini Elçin Qasımova AXCP sədrinə qarşı ifadə vermələri tələbilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) ağır işgəncələr verilib. Bu barədə Tale Bağırzadənin məhkəmədə dediklərindən: “Bandotdel”də mənə üç gün ərzində ağlasığmaz işgəncələr verildi. Bir var ki, adamı döyələr, toka verələr – bunlar adi şeylərdir. Elə dəhşətli işgəncələr veriblər ki… Deməliydim ki, Nardaran hadisələrinin arxasında Milli Şura, Əli Kərimli, Cəmil Həsənli dayanır. Üç gün bu işgəncələrə dözdüm”. (mənbə: https://www.azadliq.org/a/27866707.html)
Eyni məsələ barədə Elçin Qasımovun məhkəmədə dediklərindən: “Sonra “bandotdel”ə gətirdilər… Dekabrın 14-dən 24-nə qədər mənə orada hər gün olmazın işgəncələr verdilər. Tələb edirdilər ki, Taleh Bağırzadənin üzünə dayanım, deyim ki, bizə silah-sursat paylayıb… Bir gün dedilər ki, sən bilirsən də, sizi Əli Kərimli tutdurub. Onun əleyhinə ifadə almaq istədilər…” (mənbə: 175745.html)
2018-ci ildə AXCP-yə qarşı “qanunsuz maliyyələşmə” ittihamını quraşdırmaq üçün həbs edilən partiyanın təəssübkeşi Saleh Rüstəmli və funksionerləri Babək Həsənli, Aqil Məhərrəmli və Ruslan Nəsirli “bandotdel”də ağır işgəncələrə məruz qoyulublar ki, Əli Kərimlinin əleyhinə ifadə versinlər. Bu barədə onların hər biri məhkəmə çıxışında məlumat verib. (mənbələr: https://bit.ly/35huuVl , https://bit.ly/2yUSrFY , https://bit.ly/3cZFF7N)
2019-cu ilin 19 oktyabrında Bakıda keçirilən razılaşdırılmamış mitinq zamanı saxlanılaraq 30 sutka inzibatı həbs edilən Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya işgəncə verilərkən tələblərdən biri də onun konkret AXCP sədri Əli Kərimlinin yanından kənarlaşması olub. Bunu Tofiq Yaqublunun özü mediaya açıqlamasında deyib. (mənbə: https://www.youtube.com/watch?v=OyUIbs6tdRY)
Eyni hadisə zamanı saxlanılaraq 30 sutka inzibati həbs almış keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərovdan da tələb ediblər ki, AXCP sədrinə qarşı ifadə versin, əks halda ona yeni cinayət işi açılacaq. Bu barədə feysbuk hesabında məlumat paylaşan Rüfət Səfərov qeyd edib ki, “bandotdel”in adını açıqlamayan müstəntiqi ondan Milli Şura, AXCP və Əli Kərimlini İranın radikal dini dairlərinə bağlayan izahat istəyib (mənbə: https://bit.ly/35nOMN5 , https://bit.ly/35hOKWV)
Bir müddət əvvəl Türkiyədə həbs edilərək Azərbaycana gətirilmiş keçmiş deputat Hüseyn Abdullayev bu il aprelin əvvəllərində ictimaiyyətə etdiyi müraciətdə açıqladı ki, onu guya AXCP sədri Əli Kərimliyə maliyyə yardımı göstərdiyi səbəbilə həbs ediblər: “Həbsimin əsas səbəbi mənim guya Avropada yaşayan mühacirlərə, o cümlədən, Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir” (mənbə: https://bit.ly/2ybnRYH)
Nəhayət, 2 gün öncə inzibatı həbsdə olan AXCP fəalı Niyaməddin Əhmədovun AXCP sədrinə qarşı ifadə verməsi üçün işgəncəyə məruz qalması. Əlavə edək ki, Niyaməddin Əhmədov saxlanılanda da işgəncəyə məruz qalıb, sadəcə o zaman bu, geniş ictimailəşməyib.
Bütün bunlar hakimiyyətin AXCP sədrini hansısa uydurma cinayətdə şərləmək üçün necə davamlı çalışdığını göstərir. Bu edilənlər qanunsuzluq və iyrənc hərəkətlər olmaqla yanaşı, həm də qeyri-ciddi və mənasız hərəkətlərdir. O baxımdan ki, Əli Kərimlinin əleyhinə hətta hansısa uydurma ifadə ala bilmək də onu törətmədiyi əmələ görə ittiham edə bilmək deyil hələ. Artıq dünya da, Azərbaycan xalqı da çoxdan bilir ki, hakimiyyət Əli Kərimlini hansısa cinayət əməlində şərləmək üçün neçə illərdir dəridən-qabıqdan çıxır. Odur ki, hakimiyyət bu eybəcər və anti-insani hərəkətindən imtina etməli və ümumiyyətlə, işgəncələrə son qoyulmalıdır. Azərbaycan ictimaiyyəti və beynəlxalq birlik isə hakimiyyətin öz rəqibinə qarşı istifadə üçün insanları işgəncə sınaqlarından keçirməsinə seyrçi qalmamalı, təsirli vasitələrlə bu işgəncə aparatını durdurmağa çalışmalıdır.