ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Koronavirus pandemiyası Azərbaycanda mövcud idarəçilikdə bir sıra problemləri aşkar çıxartdı. İstədim ki, onları təqdim edim və sizin də müşahidələrinizi nəzərə alaraq daha da təkmilləşdirim. Gəlin onları birlikdə nəzərdən keçirək.
Məlum oldu ki:
1) Ölkənin statistik məlumat bazası mövcud gerçəkliklə uzlaşmır. Ötən il əhalinin ümumi siyahıya alınması yalandan keçirilib. Ölkədə rəsmi göstəriclərlə müqayisədə işsizlərin sayı ən azı 4-5 dəfə, yoxsulların sayı isə ən azı 5-6 dəfə çoxdur, əhalinin isə dəqiq sayını hələ də bilən yoxdur.
2) Azərbaycanda yeni açılmış iş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına kifayət qədər şişirdilib.
3) Kölgə iqtisadiyyatının miyqasları, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.
4) Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım almaq üçün müraciət edənlərin bəzilərin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirilib.
5) İnternet xidməti sürəti az, keyfiyyəti aşağıdır.
6) Bəzi dövlət orqanlarının Çağrı Mərkəzi müraciətləri cavablandırmaq gücündə deyildir. Ən çox şikayət 142 saylı telefon xidmətindən oldu.
7) Bəzi dövlət orqanlarının on-line xidmətləri müraciətlərə adekvat qurulmadığında tez yüklənir və qısa müddətdə çökür. Ən çox şikayət e-sosial.az saytından gəldi.
8) Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan haqqı ödənilən ictimai işlərə görə əmək haqqı, işsizlikdən sığorta haqlar, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənilmir, başqalarının adına yazılaraq mənimsənilir. Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başşıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir.
9) Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac vardır.
10) Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin, əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın.
Bu siyahını sizin müşahidələriniz əsasında uzatmaq olar. Buyurun şərh bölməsində yazın.