Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa məktubla müraciət edib. Bu barədə QMİ-nin mayın 5-də yaydığı açıqlamsında deyilir.
A.Paşazadə vurğulayır ki, bu Allahın lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyanı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur.
Onun fikrincə, bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur: “Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır”.deyə məktubda vurğulanır.
QMİ sədrinə görə, dünyanın sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilədə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır.
A.Paşazadə Azərbacyanla həmsərhəd olan İranda xalqın ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum olduğını, qoca və uşaqların amansız xəstəlik qarşısında ölümə tərk edildiklərini bildirir:
QMİ sədri hesab edir ki, humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə daxil olan müraciətlər belə bir dövrdə fövqəladə qərarların verilməsini zəruri edir.
“Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Allaha xoş gedən savab bir əməl olar”.
Turan