İqtisadçı Əkrəm Həsənov
BANKLARIN BAĞLANMASI VƏ LƏĞVİ (açıram sandığı, tökürəm pambığı!)
Banklar niyə və necə bağlanır? Onların ləğvi necə həyata keçirilir? Bu əsnada kimin pulu qaytarılır, kimin pulu isə batır? Ara yerdə qazanan (“çak-çuk” edən) kim olur? Bu və digər sualların cavabını çox zaman nəinki adi insanlar, heç peşəkar bankirlər də tam bilmir. Buna görə də mənə verilən suallar əsasında əsas məqamlara aydınlıq gətirəcəyəm.
- Bank qanunvericiliyimiz bilərəkdən elə tərtib olunub ki, Mərkəzi Bank banklara qarşı istədiyini edə bilər. Heç kəsə də hesabat verməli deyil. Sadəcə deyir ki, ay nə bilim, filan bank filan normativi (kapital və s.) pozub və s. və i.a. Eyni normativi pozan digər banka qarşı isə heç nə etməyə də bilər. Yəni istədiyi ayrı-seçkiliyə yol verə bilər. Nəinki ictimaiyyət, heç hökumət də, bir qayda olaraq, Mərkəzi Bankın arqumentlərini tam başa düşmür. Mərkəzi Bankın bəyanatları məhz bilərəkdən qəliz yazılır ki, heç kəs onları başa düşməsin. Əlqərəz, özünüzü avam və kütbeyin hesab etməyin. Sadəcə sizləri avam yerinə qoymaq istəyənlər var. Bank işi elə də qəliz məsələ deyil ki, onu bir balaca məntiqi (heç təhsili demirəm!) olan başa düşməsin. Odur ki, irəli!
- Bankın işi pul alveridir. Birindən aşağı faizlə əmanət (o cümlədən sahibkarların cari hesabları) cəlb edir ki, digərinə həmin pulu kredit kimi yuxarı faizlə verib qazanc əldə etsin. Təbii, krediti götürən bankirlərə yaxın şəxslər (yaxud öz biznesləri) olduqda rüşvət və s. müqabilində aşağı faizlə, uzun müddətə və girovsuz da verə bilərlər. Bu halda kredit gedər-gəlməzə verilir və problemli olur, yəni qayıtmır. Mərkəzi Bankın da işi ondan ibarətdir ki, banklara elə nəzarət etsin ki, əmanətçilərin pulunu göyə sovurmasınlar. Əks halda, bank müflisləşir (əmanətləri qaytara bilmir) və əmanətçilərin pulu batır. Mərkəzi Bank vəzifəsini dürüst və vicdanlı icra etsə, heç bir bank müflisləşməz. Necə ki, məsələn, Almaniyada onilliklərdir ki, heç bir bank müflisləşmir. Bizdə isə məsələn ən iri bankımız “Bank Standard” müflisləşəndə məlum oldu ki, borcu qalıq əmlakından 6 (!) dəfə çoxdur və 1 mlrd. manatdan çox vəsait talan edilib. Mərkəzi Bankın, habelə bankı audit etmiş KPMG-nin isə guya bundan xəbəri olmayıb.
- Düzdür, başqa hal da ola bilər. Tutaq ki, bankın verdiyi əksər kreditlər sağlamdır: yəni kifayət qədər girov təminatı var. Amma borclular krediti qaytarmır. İşlər məhkəməyə düşür. Və illərlə məhkəmə çəkişməsi gedir (borclu iri sahibkardırsa, bizim “rüşvətə yox deyən” məhkəmədə bankın başına oyun açır!). Məlumdur ki, yekunda bank udacaq, girovları satıb pulunu qaytaracaq. Amma bunu əmanətçilərə necə izah edəsən? Onlar gözləmir və pullarını geri tələb edirlər. Buna likvidlik problemi deyilir və məsələn hazırda “AGBank” bu problemlə üzləşib. Belə vəziyyətdə bütün normal ölkələrdə Mərkəzi Bank sonuncu instansiya kreditoru kimi həmin banka kredit verir ki, get borclarını qaytar, kreditlərini yığa-yığa mənim də borcumu ver. Mərkəzi Bank bu halda həmin bank tərəfindən müəyyən normativlərin (məsələn, problemli kreditlər üzrə bank ehtiyat yaratmalıdır, ehtiyat isə kapitaldan çıxılır, deməli, bankın kapitalı azalır və kapital tələbi pozulur) pozulmasına görə də sanksiya tətbiq etmir. Çünki bank nəzarətinin məqsədi kimisə cəzalandırmaq deyil. Əsas, bank sisteminin sabiltliyi və müştərilərin maraqlarını qorumaqdır. Hər bağlanan bank sistemə etibarı sarsıdır. Lakin bağlanmalı bankın (müflis bankın) vaxtında bağlanmaması da sistemə mənfi təsir göstərir. Necə ki, məsələn, bizdə bir ilə yaxın müddət ərzində müflisləşmiş “Atabank”ı bağlamırdılar.
- Buna görə də Mərkəzi Bankın burada əsas vəzifəsi müflis bank və likvidlik problemini yaşayan bank arasında fərqi müəyyən etmək və ictimaiyyətə hər qərarını bu prizmadan geniş açıqlamaqdır (daha bizdəki kimi qısa və anlaşılmaz bəyanatlar verməli deyil). Birinci tip bankı bağlamaq, ikinciyə isə kredit vermək lazımdır. Bəzən isə hətta müflis banka da dövlət yardım edə bilər. Məsələn, necə ki, bir neçə il əvvəl dövlətimiz Beynəlxalq Banka 3 mlrd. dollardan çox pul bağışlayaraq onu müflislikdən xilas etdi. Ona görə ki, bu bank o qədər böyükdür ki, bağlanması bütövlükdə bank sistemimizi çökdürə bilərdi. Belə banka “sistem əhəmiyyətli bank” deyilir. 2016-cı ildə “Bank Standard” da sistem əhəmiyyətli bank elan olunmuşdu, dövlət onu xilas etmək üçün yüz milyonlarla vəsait ayırdı, amma yekunda bankı bağladılar. Ayrılan pullar hara getdi – Allah bilir!
- Sonuncu məsələ ümumiyyətlə olduqca vacibidr. Bağlanmış bank yağlı tikədir, onun olan-qalan əmlakını da talamaq bir sıra leşyeyən məmurun arzusudur. Buna görə də hətta sağlam bankı bağlatdırmaq olar ki, sonradan onun əmlakını rahat talaya biləsən. Məhz buna görə də Mərkəzi Bank bankı bağlayanda qərarını ətraflı əsaslandırmalıdır ki, həqiqi niyyətlərinə dair şübhələr yaranmasın. Məsələn, 4 il əvvəl hazırda da müvəqqəti inzibatçı təyin olunmuş “NBC Bank”ı bağlamışdı. Bir neçə gün sonra isə lisenziyasını bərpa etmişdi. Deməli, bizim Mərkəzi Bankın qərarlarına tam etimad yoxdur, əsl niyyətini bilmək olmur. Yeri gəlmişkən, istisna deyil ki, “NBC Bank” məhz ondan sonra özünə gələ bilmədi. Axı bağlanmış sağlam bank belə panika nəticəsində müştərilərini itirə və zəifləyə bilər. Bu baxımdan da Mərkəzi Bankın qərarlarının səhv olduğunu sonradan sübut etmək çox çətindir. Hər hansı banka dair sərt addım və bunun ictimailəşdirilməsi həmin banka etimadı sarsıdır. Nəticədə sağlam bank da xəstələnə bilər. Buna görə də qanunvericiliyə əsasən Mərkəzi Bankın İdarə Heyətində iki kənar üzv olmalıdır ki, onun üzərində ictimai nəzarət olsun. Lakin təəssüf ki, həmin vəzifələr vakantdır və Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur. Hətta Hesablama Palatası da onu indiyədək yoxlamayıb. Yoxlasa, Allah bilir, oradan nələr çıxar…
- İndi isə gəlin baxaq görək ki, müflis bankın bağlanması və ləğvi prosesi necə olur. Deməli, Mərkəzi Bank bankın lisenziyasını ləğv edir və onun müflis elan olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə də heç məsələyə varmadan (başı çıxmır onsuz da!) bankı dərhal müflis elan edir və Əmanətlərin Sığortalanması Fondunu (ƏSF) bankın ləğvedicisi təyin edir. Ləğvedici kimi ƏSF-in işi ondan ibarətdir ki, bankın əmlakını satsın və verdiyi kreditləri qaytarsın. Əldə etdiyi bütün vəsaiti ƏSF bankın kreditorları, yəni orada pulu qalmış şəxslər arasında mütənasib bölüşdürməlidir. Lakin ilk növbədə 3 ay ərzində ƏSF bankdakı sığortalanmış əmanətləri vətəndaşlara qaytarmalıdır. Bundan sonra ƏSF özü də həmin bankın kreditoruna çevrilir, yəni xərclədiyi pulu bankın əmlakından götürmək hüququ qazanır. Özü də onun bu tələbi birinci növbəlidir. Yəni bankın satılan əmlakından və qaytarılan kreditlərindən ilk növbədə pulunu ƏSF götürür. Daha sonra, ƏSF gördüyü işlər üçün xərclərini də bankın vəsaitindən götürür. Yalnız bundan sonra bankın işçilərinin əmək haqqı, sonra isə dövlətə olan borc (vergi və s.) ödənilir. Nəhayət, sonuncu növbədə bankda qalan sığortalanmamış əmanətlər və sahibkarların pulu qaytarılmalıdır. Amma, bir qayda olaraq, onlara artıq heç nə çatmır. Niyə?
- Əvvəla, ona görə ki, bank həqiqətən müflisdirsə, deməli, əmlakı bütün borclarının tam ödənilməsinə kifayət etməməlidir. Daha sonra, göründüyü kimi, bankın əmlakı bərabər şəkildə mütənasib bölünmür. Növbəlilik var və həmin növbəlilikdə bankın ləğvedicisi olan ƏSF üstün mövqeyə malikdir. Bunun özü belə ədalətsizlikdir: belə çıxır ki, əslində əmanətlərin sığortalanması illər boyu sığorta haqqı yığan ƏSF-in hesabına deyil (o, pulunu götürür axı yekunda), bankda pulu qalmış digər şəxlər (ilk növbədə sahibkarlar) hesabına həyata keçirilir. ƏSF-in ləğvedici olmasının özü absurddur. Çünki onun işi əmanətləri sığortalamaqdır, ləğv etmək yox. ƏSF eyni zamanda həm kreditor, həm də ləğvedici olanda burada maraqlar konflikti var: aydın məsələdir ki, ƏSF-i ilk növbədə özü maraqlandırır, digər kreditorlar yox. Buna görə də normal hüquq sistemində bankın ləğvedicisi ƏSF olmur, ləğvedicini kreditorlar təyin edir və işinə də nəzarət edirlər. Çünki müflis bankın faktiki sahibi onun kreditorlarıdır. Bankın ədalətli ləğvini onlardan çox arzulayan ola bilməz. Lakin bizdə kreditorların rolu çox məhduddur. Kreditorar Komitəsi belə bütün ləğv olunan banklarda yoxdur. Olan yerdə belə, komitənin adekvat səlahiyyətləri yoxdur. ƏSF istədyini edə bilər və bir çox hallarda edir də! Məsələn nə?
- ƏSF-in rəhbərliyi nəinki ƏSF-in maraqlanı, hətta öz şəxsi maraqlarını da güdə bilər. Çünki kreditorlara tabe deyil. Üzərində adekvat inzibati nəzarət də yoxdur. Buna görə də ƏSF ləğv prosesinin tez bitməsində belə maraqlı olmaya bilər. Qohum-əqraba, tanışlar üçün yaxşı iş yerdir ləğv olunan bank ən azə işsizliyin baş alıb getidyi dönəmdə. Daha sonra şişirdilmiş xərclərdən (inzibati və s.) yaxşı “otkat” götürə bilər. Eyni ilə bankın əmlakını da dəyər-dəyməzə satıb yaxşı “otkat” götürə bilər. Nəhayət, banka borcu olanlarla sövdələşib rüşvət müqabilində onlara məhkəmə işlərini uduza bilər, güzəştlər edə bilər. Yəni görməli olduğunun əksini edə bilər: banka daha çox pul gəlməsi əvəzinə öz şəxsi cibinə yaxşı pulun gəlməsini təmin edə bilər. Yeri gəlmişkən, ƏSF hazırda bəzi borcları hətta istədiyi şəxsə bağışlayır da! Başqa pozuntu və sui-istifadə halları üçün də geniş şərait var. Bəzilərindən geniş istifadə olunur da!
- Yekunda uduzan yalnız müflis bankların kreditorları deyil. Həm də dövlətdir. Geniş mənada ona görə ki, bank sisteminə etimad sarsılır. Dar mənada isə dövlər ƏSF-in səmərəsiz fəaliyyəti nəticəsində zərərə məruz qalır. Axı ƏSF-in heç dövlət marağı da yoxdur ki, daha çox pul toplasın. Çünki bilir: əmanətləri qaytarmaq üçün pul çatmayanda pulu büdcədən istəyəcək və alacaq.
- Təbii, bu mövzuda geniş danışmaq olar. Lakin güman edirəm ki, dediklərimdən sizlərə tam aydın oldu ki, Azərbaycanda bank bağlamaq və ləğv etmək çox gəlirli biznesdir. Bu biznesdə uduzan müştərilər və dövlətdir. Udan isə fırıldaqçı məmurlar. Onların hərəsinin öz rolu var. Buna görə də bəzən hətta düşmən olsalar belə, bir-birinə mane olmurlar. Hərəsi öz çörəyini qazanır…
P.S. Çıxış yolu nədir? 1) Qanunvericiliyin təcili dəyişdirilməsi; 2) Bu sahədə köklü kadr islahatları… Əks halda? Əks halda, çalışın ki, banklarımızda çox pulunuz olmasın…