Mən bu günlərdə tanınmış yazıçı-publisist Qənimət Zahidin “Son Dərviş” kitabını çox böyük maraqla oxudum.
Minnətdarlıqla qeyd etməliyəm ki, kitabı mənə Qarabağ qazisi, siyasi məhbus Tofiq Yaqublu hədiyyə etmişdir.
Qənimət bəyin bu əsəri mənə öz zəngin çalarları və bədii dəyərinə görə Boris Pasternakın ” Doktor Jıvaqo” romanını xatırladır. Cəsarətlə deyə bilərəm ki, Qənimət bəyin fəth etdiyi bu bədii-fəlsəfi fikir zirvəsi onun XXI əsr Azərbaycan ədəbiyyatına verdiyi çox dəyərli töhfəsi kimi qəbul olunmalı, özü isə ustad söz sahiblərimizin öncüllərindən biri kimi dəyərləndirilməlidir.
Boris Pasternak ” Doktor Jıvaqo” romanında öz tərcümeyi-halını əsərin qəhrəmanının dili ilə nəql etmiş və əsərdə dövrün sürətini ( образ эпохи) yaratmışdır. Qeyd etməliyəm ki, bu roman ilk dəfə İtalyada çap olunmuş və 1958-ci ildə Nobel mükafatına layiq görülmüş, ancaq mövcud siyasi rejimin təzyiqləri ilə müəllif mükafatı almaqdan imtina etməyə məcbur edilmişdir.
Qənimət Zahid isə böyük məharətlə bir neçə dövrün sürətini yaratmış, bunları uğurla uzlaşdırmış və bir-biri ilə əlaqələndirmişdir.
B. Pasternak əsərində inqlabın dərin tərifini belə vermişdir: “İnqlab bir qar çovğunudur, biz isə özümüzdən asılı olmayaraq qar dənəcikləri kimi bu çovğunun hissəciklərinə çevrilirik”.
Qənimət Zahid isə Bəşəriyyət tarixində mahiyyətinə görə ən əhəmiyyətli inqlab sayılan Böyük Fransız inqlabının nəzəriyyəçilərindən biri olan Jan Jak Russo sayağı araşdırma və bədii gəzişmələr edərək əsərinin sonunda ” BİZ ÜSYANDAN QORXMUŞUQ, ÜSYANDAN QORXDUQCA KÖLƏLİYİN MƏRHƏMƏTİNƏ SIĞINMIŞIQ” qənaətinə gəlir.
Qənimət bəy, ” Azadlığa hər gün bu yolda savaşa gedənlər layiqdirlər” deyən dahi Höteyə nə qədər məharətlə yaxınlaşır.
Qənimət Zahid öz dəyərli əsərində Didro kimi gözəlliyə, Turqo kimi Bəşəri faydaya, Fransua Volter kimi həqiqətə , Jan Jak Russo kimi ədalətə doğru irəliləyir.
Qənimət bəy qələmə aldığı bu gözəl əsərlə insan taleləri ilə bəzədilmiş bir azadlıq nəzəriyyəsi yaradaraq özünü azadlıq carçısına, müjdəçisinə, nəğməkarına çevirmişdir.
Bütövlükdə Qənimət Zahidin, bütün şifahi və yazılı çıxışlarındakı gurlayan səsi sahilə çırpınan ƏZƏMƏTLİ OKEAN DALĞALARIDIR !
Qənimət bəy həm də deyir ki, “ƏDALƏT HAQQIN BƏTNİNDƏDİR” – bu isə bir BƏŞƏRİ MANİFESTDİR.
Mən, bədii ədəbiyyatımıza çox dəyərli yenilik gətirmiş Qənimət bəyi ürəkdən təbrik edir, ona böyük yaradıcılıq uğurları, möhkəm can sağlığı və şəxsi həyatında xoşbəxtliklər arzulayıram.
Hörmətlə, Əli İnsanov