Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Ölkənin ən yaramaz və rüşvətxor adamlarının icra başçıları olduğu ortaya çıxır. Əks halda, ard-arda beş icra başçısını DTX-nın xüsusi əməliyyatı ilə həbs etməzdilər.
Yəqin artıq heç kimin, hətta İlham Əliyevin özünün də şübhəsi yoxdur ki, bütün icra başçıları uzun illər ərzində eyni cinayətləri törədib, eyni korrupsiyanı çiçəkləndirib, insanlara zülm ediblər.
Ramiz Mehdiyevi bildik, ondan çəkinirlər, yalnız uzaqlaşdırıb Akademiyaya göndərməyə çatdı gücləri.
Bəs hal-hazırda da rayonları kurasiya edən və 15 ildən çox bir müddətdə Prezident Administrasiyasının Ərazi-inzibati idarəetmə şöbəsinə rəhbərlik edən Zeynal Nağdəliyevin heçmi məsuliyyəti yoxdur bu biabırçılıqlarda?!
Rayonların PA-dakı kuratorları, deputatları bu qədər haqsızlığı illər boyu necə görməzdən gələ bilərdilər?! Yox, görüblərsə, rəhbərliyə məlumat çatdırıblarsa, Nağdəliyev niyə susub, niyə dələduzları, cinayətkarları müdafiə edib?!
Həbs olunan korrupsioner icra başçılarının hamısı ya “Şöhrət” ordenlidir, ya “Vətənə xidmət” naminə külüng vurub mükafatıarını alıblar. Onları bu yüksək mükafatlara kim təqdim edib, hesab sorulmalı deyilmi?!
Korrupsioner başçıları birləşdirən digər bir ümumi cəhət onların övladlarının Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsində çalışmalısıdır. Nizaməddin Quliyevin də, Vilyam Hacıyevin də tüfeyli oğulları məhz həmin idarənin əməkdaşları olub. 20 ilin boş prokuroru Zakir Qaralov bu ölkədə korrupsiya ilə mübarizə aparmaq üçün avara korrupsioner balalarından başqa adam tapa bilmirdi?!
Xirtdəyə qədər çirkaba batmaqdır bunun adı. Bir ölkədə ki, korrupsiya ilə mübarizəni korrupsionerlər aparır… o ölkə islahatlıq yox, Allahşükürlükdür.