Azərbaycanın ilk və hələ ki yeganə müstəqil informasiya agentliyinin – TURAN-ın 30 yaşı tamam olub. Turan İnformasiya Agentliyi 5 may 1990-cı ildə Azərbaycanın gənc jurnalistləri tərəfindən SSRİ-informasiya blokadasına qarşı yaradılmışdır. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin dünyaya çatdırlması və senzuralı mətbuatın aşa bilmədiyi sərhədlərin aşılması işində TURAN agentliyi əvəzsiz xidmətlər göstərmişdir. Uzun illər rəsmi senzura dövründə, ondan sonra isə mediaya təzyiqlərin faktiki xroniki xarakter aldığı zamanlarda TURAN agentlyinin kollektivi azad və müstəqil yayım dəyərlərinə sadiqliyini prinsipiallıqla göstərmişdir. TURAN agentliyi söz azadlığını düşüncə azadlığının tərkib hissəsi kimi qavrayan bir anlayışla demokratik cəmiyyətə çevrilməyimiz istiqamətində öz təşəbbüskar səylərini əsirgəməmişdir. Jurnalistlərin hüquqlarının müdafiəsi, ifadə azadlığının qorunması işində həm bir media orqanı kimi, həm də kollektiv olaraq mənəvi güc kimi iştirak etmişdir. Bu gün də müstəqillik tariximizin bütün dövrlərində olduğu kimi TURAN agentliyi dünyanın ciddi siyasi və xəbər mərkəzlərində yeganə mötəbər yerli xəbər qaynağı olaraq qalır. TURAN agentliyi öz fəaliyyəti dövründə basqılara məruz qalmış, ofisindən çıxarılmış, onun qurucusu və rəhbəri, dünyada tanınmış Mehman Əliyev əsassız iddialarla həbs edilmişdir. Bütün bunlara baxmayaraq agentlik öz dəyərlərinə sədaqəti üstün tutmaqla oxucusunun etibarını qoruyub saxlamışdır. TURAN İnformasiya Agentliyi öz yaranışının tarixi zəruriəti etibarilə daima “Azadlıq” qəzeti ilə peşə dəyərləri ortaqlığından başqa, həm də ölkəmizin müstəqilliyi, demokratikləşməsi və azad düşüncənin yayılması işində tale ortaqlığı yaşayıb. “Azadlıq”ın kollektivi 30 yaş münasibətiylə TURAN-ın kollektivini qardaş səmimiyyəti və doğmalığı ilə təbrik edir. Azərbaycanda söz və fikir azadlığının bərqarar olması istqamətindəki işində uğurlar arzulayır və daima ölkəmiz, xalqımız, regionumz, dünyamız haqqında xoş xəbərlər yaymağı arzu edir!