İlham Hüseyn
Bu günün son statusun uğura həsr etmək qərarına gəldim.
Uğurla bağlı çoxlu fikirlər var. Uğur əldə etməyin reseptin, uğura çatmağın düsturun müxtəlif mütəfəkkirlər, müxtəlif fikirlərlə təqdim ediblər.
Mənim uğurla bağlı 4 fikir daha çox xoşuma gəlir və həmişə bu fikirləri beynimdə dövr elətdirirəm.
Birinci fikir Lao Szıya məxsusdur. O deyirdi ki, min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. Doğurdan da mənzil başına çatmaq üçün, mütləq ilk addımı atmaq lazımdı. Yolun uzunluğu uğura olan inamı azaltmamalıdır. Ən uzaq yolu da qət etmək olar. Əsas odur ki, addımlamaqdan qorxmayasan, yorğunluğa təslim olmayasan.
Sevdiyim ikinci fikrin müəllifi Ben Svitlanddı. O yazırdı ki, uğur gedilən yoldur, çatdığın məkan deyil.
İnsan getdiyi yolun düz yol olduğuna, ədalətli yol olduğuna, həqiqətə apardığına əmindirsə, deməli, əsas uğuru əldə edib. Bəli, ən böyük uğur şərəfli yolun cığırına düşə bilməkdi. O yoldan sapmamaqdı.
Üçüncü fikrin müəllifi isə Jozef Koppdu. Kopp “məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar” deyirdi.
Bu fikri bu ölkədə çox adam təsdiqləyə bilər. Bu ölkədə məğlubiyyət qorxusundan yaltağa, satqına çevrilən nə qədər adam gördük. Nə qədər adam prinsiplərinə xəyanət etdi, keçmişinin üstündən xətt çəkdi, dəyərləri komforta qurban verdi. Mübarizənin çətinliyinə dözməyib, zalıma təslim olanları uğur qazanmış saymaq olmaz. Onlar ictimai-rəyin qəbristanlığındadılar, tarixin zibil yeşiyində məskunlaşacaqlar. Uğur isə, sona qədər diri qalmağı bacaranların mükafatıdı
Dördüncü fikrin müəllifi isə Paul Svineydi. O deyirdi ki, gerçək uğur, uğursuzluq qorxusuna qalib gələ bilməkdir.
Bəlkə də, ən dəqiq düstur, ən düzgün resept elə budur. Məyus olmamaq, ruhdan düşməmək, tərəddüdə qapılmamaq uğurun açarıdı. Uğursuzluq qorxusun qətlə yetirmək lazımdı. Əslində, işıqlı gələcəyin qatili uğursuzluq qorxusudu, inamsızlığa yuvarlanmaqdı.
Bu ölkə uğura acdı. Bu ölkəyə hamımız uğur yedizdirməliyik.