
Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdi. Amma bu instansiya da şikayətə “yox” deyərək, siyasi fəalı həbsdən buraxmaqdan imtina edən Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Mayın 4-də apellyasiya məhkəməsində bu işə hakim Mirzəli Abbasov baxıb. Məhkəməyə T.Yaqublunun özünü də gətiriblər. Bu barədə AzadlıqRadiosuna danışan vəkil Elçin Sadıqov bildirib ki, T.Yaqublu təqsirsiz olduğunu, siyasi sifarişlə həbs edildiyini deyib.
“Tofiq Yaqublunun həbsiylə əlaqədar növbəti Avropa Məhkəməsinə şikayət olacaq. Daxili müdafiə vasitələrini tükəndirdik”, – E.Sadıqov bildirib.
Ailə üzvlərinin T.Yaqubluya geyim və başqa zəruri vasitələr çatdıra bilmədiyini təsdiqləyən vəkilin sözlərinə görə, bu problemin həlli üçün müəyyən addımlar atıblar: “Geyim və başqa məsələlərlə bağlı çətinlikləri var. Bununla əlaqədar lazımi orqanlara müraciət etmişik, problemin həllinə çalışmışıq. Təəssüf ki, hələ nəticə yoxdur”.
T.Yaqublunun qızı Nigar Həzi bildirib ki, atasının avtomobili və telefonu hələ də qaytarılmayıb. Müdafiəçi deyir ki, onların qaytarılması üçün istintaqa vəsatətlər təqdim olunub. Ancaq vəsatətlərə cavab ala bilməyiblər: “Müxtəlif bəhanələrlə vəsatətlərimizə müsbət cavab vermirlər. Avtomobilin ekspertizadan sonra qaytarılacağını deyirdilər. Ekspertiza keçirilib, amma hələ də qaytarmırlar. Telefonla bağlı heç bir rəsmi cavab demirlər. Bir dəfə məhkəmə iclasında Tofiq Yaqublunun özünün də yanında müstəntiq şifahi təsdiqlədi ki, telefon polisdə olub. Ancaq onun taleyi ilə bağlı məlumat vermirlər”.
T.Yaqublu özü də məhkəmə iclaslarından birində deyib ki, o, hadisəni telefonunun kamerasıyla çəkmişdi. Onun sözlərinə görə, polis həqiqəti gizlətmək məqsədilə telefonu götürüb.
Azadlıq radiosu